Üç dayısını yandıran Xızı rayon sakini həbs olunub
8 Fevral 2014 20:03 (UTC+04:00)
Sumqayıtda üç dayısını diri-diri yandırıb, öldürən
şəxs həbs edilib. ANS PRESS Baş Prokurorluğun saytına istinadən
məlumatına görə, fevralın 7-də Sumqayıt şəhəri, Corat bağlar
sahəsində bağ evində şəhər sakinləri Dünyamalı, Yadigar və Ağamalı
Mirzəyev qardaşlarının meyitlərinin aşkar edilməsi ilə əlaqədar
daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və şəhər Polis
İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı
ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, hadisə yerindən
içərisində neft olan şüşə butulka, alışqan və digər əşyalar maddi
sübut kimi götürülüb, digər prosessual hərəkətlər yerinə
yetirilib.
Fakta görə şəhər prokurorluğunda Cinayət
Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə)
maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin
edilib.
İstintaq zamanı Xızı rayon sakini Əsgəralı
Abbasovun qeyd edilən tarixdə sərxoş vəziyyətdə olan dayıları ilə
aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı
onu söyüb təhqir etdiklərinə
görə qisas almaq məqsədilə saat 01:00 radələrində
sonuncuların yaşadıqları bağ evini neftdən istifadə edib
yandırmasında və nəticədə onların tüstüdən boğularaq ölməsində
əsaslı şübhələr olduğundan, o, iş üzrə təqsirləndirilən şəxs
qismində cəlb edilərək barəsində şəhər məhkəməsinin qərarı ilə
həbs-qətimkan tədbiri seçilib.