Türkiyə mediası İlham Əliyevin çıxışından yazdı
8 Fevral 2014 20:11 (UTC+04:00)
Prezident İlham Əliyevin Regionlarının sosial-iqtisadi inkişafı
Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı
xarici mətbuatda, xüsusən də qardaş Türkiyə KİV-lərində geniş
rezonans doğurub. Dövlət başçısının tədbirdə səsləndirdiyi
fikirləri bu ölkənin nüfuzlu kütləvi informasiya vasitələri -
"Hurriyyət", "Zaman" qəzetləri, "Cihan", "Anadolu", "Doğan" xəbər
agentlikləri, "CNN Türk", "Taymturk" və s. nəşrlər geniş formada
işıqlandırıblar.
"Hurriyyət"də dərc edilən "Aliyev yolsuzluk ve rüşvete savaş açtı"
başlıqlı materialda qəzet prezidentin fikirlərini geniş formada
işıqlandırıb. "Əlbəttə, 2006-cı ildə istifadəyə verilmiş
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə
böyük valyuta axını başlayıb. O illərdə iqtisadi artım daha çox
neft amilinə bağlı idi. Ancaq biz neft gəlirlərimizdən çox səmərəli
şəkildə istifadə edə bilmişik. Bu sahədə də Azərbaycan təcrübəsi
nümunə ola bilər" deyə qəzet dövlət başçısından sitat gətirib.
Materialda dövlət başçısının korrupsiya və rüşvət hallarına qarşı
sərt mübarizə aparılacağına dair səsləndirdiyi fikirlər də əks
olunub. Elə məqalənin başlığında da bundan bəhs edilib. Qəzet yazır
ki, prezident İlham Əliyev bildirib ki, korrupsiyaya və
rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam
etdiriləcək.
"CNN Türk"də "Aliyev rüşvetxorluğa savaş açtı" başlıqlı məqalədə
isə dövlət başçısının "ASAN xidmət"lə bağlı fikirlərinə yer
verilib. Nəşr yazır ki, dövlət başçısı cəmi bir il ərzində "ASAN
xidmət"ə bir milyon müraciət olduğunu bildirib: "Ona görə "ASAN
xidmət"in funksiyaları bundan sonra da genişlənəcək. Bütün
insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə
yaşamalıdır. Əminəm ki, növbəti illərdə rüşvətxorluğa və
korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl nəticələr verəcək.
Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və
güclü siyasi iradəmizdir. Azərbaycanda korrupsiyaya və
rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu
eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq
qarşısında alnıaçıq, üzüağ olsunlar. Hər bir dövlət məmuru öz
məsuliyyətini dərk etməlidir".
"Taymturk"da dərc edilən "Azerbaycan Cumhurbaşkanından yolsuzluk ve
rüşvet tepkisi" başlıqlı məqalədə dövlət başçısının Azərbaycan
iqtisadiyyatına qoyulan vəsaitlər barədə fikirləri işıqlandırılıb.
"Ümumiyyətlə, 160 milyard dollar həcmində qoyulan sərmayə
Azərbaycan iqtisadiyyatına böyük təkan verib. Bu müsbət meyllər
güclənir. Gələcəkdə həm dövlət, həm özəl, həm xarici və daxili
sərmayələrin qoyuluşu gözlənilir. Bu gün Azərbaycan enerji
təhlükəsizliyi baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilib.
Keçən ilin dekabr ayında XXI əsrin kontraktı imzalanıb. "Əsrin
kontraktı", yəni XX əsrin kontraktı uğurla icra edilir, XXI əsrin
kontraktı da imzalanıb. Azərbaycanın kredit reytinqləri artır.
Hətta böhranlı illərdə 3 əsas reytinq agentliyi Azərbaycanın kredit
reytinqlərini artırıblar. Bu da Azərbaycanda aparılan islahatların
nəticəsidir".
"Cihan" agentliyində dərc edilən "İlham Aliyev yolsuzluğa savaş
açtı" başlıqlı materialda isə prezidentin korrupsiyaya,
rüşvətxorluğa göz yumulmayacağını bəyan etməsi vurğulanıb: "Niyə bu
yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?!
Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm
və bütün dövlət məmurları belə işləməlidirlər. Növbəti illərdə də
rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə
cəzalandırılacaqlar. Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı
mübarizədə də nümunəvi ölkə olmalıdır".