Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib
9 Fevral 2014 10:56 (UTC+04:00)
Fevralın 8-də Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində
"Azərbaycan günü" keçirilib. Movqe.az-ın "AzərTAc"a istinadən
verdiyi xəbərə görə, tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin
prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik
Hikki, Soçi Olimpiadasında iştirakçı ölkələrin milli olimpiya
komitələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.
Gənclər və idman naziri Azad Rəhimov tədbiri açaraq Azərbaycanda
idmanın və Olimpiya hərəkatının geniş vüsət aldığını, ölkəmizin
beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini diqqətə
çatdırıb. Nazir birinci Avropa Oyunları ilə bağlı görülən hazırlıq
işlərindən danışıb, "Bakı-2015"in yüksək səviyyədə keçiriləcəyini
bildirib. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax
Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, bu sahədə yaxşı
təcrübə qazandığını, Olimpiya hərəkatına layiqli töhfə verdiyini
söyləyib. T.Bax Azərbaycanın tarixə birinci Avropa Oyunlarını
keçirən ilk ölkə kimi daxil olacağını qeyd edib. 2015-ci ildə
Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq işləri
yüksək səviyyədə gedir. Bu sözləri "Azərbaycan günü"ndə çıxış edən
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. O,
ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib,
mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə edib. Azərbaycanda
idmana göstərilən diqqət və qayğı bizi çox sevindirir. İnanırıq ki,
Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə
nümunə göstərəcək.