Kolleclərə yeni qəbul qaydaları

10 Fevral 2014 11:48 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. Movqe.az-a TQDK-dan verilən xəbərə görə, 9 illik bazadan kolleclərə qəbul qaydalarında müəyyən dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, bu il buraxılış imtahanlarının nəticələri əsasında ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə müsabiqə aparılacaq. Belə ki, 9-cu sinifi bitirən şagirdlərdən kolleclərin müsabiqəsində iştirak etmək istəyənlər buraxılış imtahanının nəticəsinə əsasən, ixtisas seçimi edə biləcəklər. Başqa sözlə, 9-cu sinifi bu il bitirən və kolleclərə qəbul olmaq istəyənlər üçün ayrıca imtahan keçirilməyəcək.  Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları (9-cu sinifi əvvəlki illərdə bitirənlər) üçün keçiriləcək. Həmin imtahanın iyun ayının 29-da keçirilməsi nəzərdə tutulur. Kolleclərə ümumi orta təhsil bazasında (9 illik) qəbul imtahanlarında bütün abituriyentlərin (həm əvvəlki illərin məzunu olanlar, həm də 2014-cü ilin məzunları üçün) yalnız ana dili və riyaziyyat fənlərindən bilikləri yoxlanacaq.