Mənzil proqramına böyük ehtiyac yaranır

10 Fevral 2014 15:17 (UTC+04:00)

Azərbaycanda əhalinin mənzilə olan tələbatının artan xətt üzrə inkişaf etdiyi heç kimə sirr deyil.  Bununla belə, tikinti sahəsində aparılan işlər tələbata hələ də adekvat deyil. Belə fikirlər səslənir ki, əhalinin mənzillə təmin edilməsi üçün dövlətin proqram qəbul etməsinə ehtiyac var. Bu proqram əsasında ucuz mənzillərin inşasının reallaşdırılması vacib sayılır. Daşınmaz əmlak üzrə eksepertlər bunun nə formada həyata keçirilə biləcəyi haqda Movqe.az-a danışıblar. 

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti  Rövşən Talıbzadə bir çox dünya ölkələrində həyata keçirilən sosial xarakterli dövlət proqramlarının Azərbaycanda da tətbiqi üçün geniş imkanlar olduğunu deyir: "Ümumiyyətlə, beynəlxalq təcrübəyə baxsaq, görərik ki, bir çox ölkələrdə dövlət tərəfindən bu tip proqramlar həyata keçirilib. Burda məqsəd ölkə əhalisinin aztəminatlı və yaxud da digər mənzilə ehtiyacı olan təbəqəsini evlə təmin etməkdir. Sovet dönəmində də bu kimi addımlar atılırdı. İnsanlar ev almaq üçün növbəyə dayanırdılar və onlarda hardasa ümid var idi ki, nə vaxtsa növbə çatanda mənzillə təmin olunacaqlar. Hazırda da bu modelin daha müasirləşmiş formasını tətbiq etmək olar. Məsələn, ən azı aztəminatlı ailələrin, ağır iş rejimində çalışan insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara bu kimi mənzillərin tikilməsi məqsədəuyğun olardı. Düzdür, hal-hazırda bizdə müəyyən peşə sahibləri üçün mənzillər tikilir. Məsələn, hərbçlər üçün, neft işçiləri üçün, jurnalistlər üçün və digərləri binalar tikilərək onlara təqdim edilib. Bu kimi binaların müəyyən ağır iş rejimində çalışan və ya aztəminatlı təbəqə üçün də tikilməsi doğurdan da gözəl bir hal olardı. Bunun üçün Azərbaycanda kifayət qədər maaliyyə imkanları, resurslar mövcuddur. Xüsusən də mərkəzdənkənar ərazilərdə belə şəhərciklərin salınması, bu kimi evlərin yaradılması ilk növbədə əhalinin tələbatının ödənməsində mühüm oynayar. İkinci tərəfdən isə bu tədbir urbanizasiyasının qarşısı alardı. Kənar ərazilərdə kifayət qədər boş torpaq sahələri var ki, orada şəhər tipli qəsəbələr salına bilər. Belə bir təklif qəbul olunarsa, müəyyən növbə ilə hansısa ailələrə evlər verilsə, yaxşı olar. Bu, bizim Mənzil Məcəlləsində də öz əksini tapır. Proqram ən azından, sosial kirayə formasında da həyata keçirilə bilər. Kommersiya xarakterli yox, sosial kirayə formasında bunu etmək olar. Müəyyən faiz ödəməklə insanlar bu evlərdə məskunlaşıb, zamanla həmin mənzillərə sahib ola bilərlər. Bunu bələdiyyələrlə qarşılıqlı şəkildə həyata keçirmək olar".

Ölkədə evsiz insanların çoxalması nəticəsində sosial gərginliyin yarana biləcəyini deyən "MBA LTD" şirkətinin rəhbəri Nüsrət İbrahimov da bu istiqamətdə dövlət proqramlarının həyata keçirilməsinin vacibliyini vurğuladı: "Ölkədə müəyyən bir mənzil siyasəti qurulmalıdır. O siyasətə uyğun olaraq müəyyən müddətə qəbul olunmuş proqramlar əsasında əhali evlə təmin olunmalıdır. Bu gün Azərbaycanda 9,5 milyon əhali var. Bu əhalinin nə dərəcədə mənzillə təmin olunması və real mənzilə tələbin nə qədər olması sual altındadır. Bu tələbi ödəmək üçün ildə nə qədər tikintinin aparılması, hər adambaşına neçə kvadratmetr mənzilin düşməli olduğu müəyyənləşdirilməli və bu sahədə işlər görülməlidir. Təbii ki, bugünkü mövcud qiymətlərlə əhalinin hamısı mənzillə təmin oluna bilmir. Bir qismi üçün qiymətlər uyğundursa, digər qismi üçün deyil. Kasıb əhalini də evsiz buraxmaq olmaz. Bu səbədən dövlət müvafiq proqramlar qəbul etməli və ilbəil o proqramın icrası ilə bağlı hesabat verməlidir".