Zəlzələ namazı necə qılınmalıdır?
10 Fevral 2014 18:40 (UTC+04:00)
Bu gün Azərbaycan ərazisində zəlzələ olub. Zəlzələ
vaxtı ayət namazı qılınmalıdır. İlahiyyatçı İsmayıl Əhmədovun ANS
PRESS-ə verdiyi məlumata görə, ayət namazı aşağıdakı kimi
qılınmalıdır:
Qaydası.
Ayət namazı iki rəkətdir. Hər rəkətdə beş rüku
var. Onu iki şəkildə yerinə yetirmək olar:
1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir
Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra
yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda
ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir.
Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla
ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi
qılınır və səcdələrdən sonra təşəhhüd və salam
oxunur.
2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin
ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir
və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə
deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər
hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn,
"Həmd"dən sonra "İxlas" surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə
bölünür: "Bismillahir rəhmanir rəhim", "Qul huvəllahu əhəd",
"Allahu səməd" "Ləm yəlid və ləm yuləd", "və ləm yəkun ləhu kufuvən
əhəd". Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir.
Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla
ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır,
sonra təşəhhüd və salam oxunur.
Ayət namazının bir rəkətini birinci, ikinci
rəkətini o biri qayda ilə qılmaq olar.
Gündəlik namazda vacib və müstəhəb olan işlər ayət
namazında da vacib və müstəhəbdir. Amma ayət namazının azan və
iqaməsi yoxdur. Bunun əvəzində üç dəfə "Əssəlat"
deyilir.
Müstəhəbdir ki, hər rəkətdə səcdəyə getməzdən öncə
"Səmiəllahu li mən həmidəh" və "Allahu əkbər" deyilsin. Eləcə də,
hər rükudan öncə və sonra təkbir demək
müstəhəbdir.
Onuncu rükudan öncə qunut oxumaq
müstəhəbdir.
Rəkətlərin sayında şəkk olsa və neçə rəkət
qılındığı bilinməsə, namaz batildir. Amma rəkətlərin sayında şəkk
olduqda, az ehtimal əsas götürülür. Məhəl ötsə, yəni səcdəyə
gedilsə şəkkə etina olunmur.
Ayət namazının hər rükusu bir rükndür. Bilərəkdən
və ya səhvən bu rüknlər artırılıb-əskildilsə namaz
batildir.
Hökmlər Ayətullah Məkarim Şiraziyə
məxsusdur