Evdə ABŞ dolları saxlayanların nəzərinə!

10 Fevral 2014 20:23 (UTC+04:00)

2013-cü ildə Mərkəzi Bank Azərbaycan manatının həddindən çox bahalaşmasının qarşısını almaq üçün valyuta bazarında təxminən 2,5 milyard ABŞ dolları məbləğində sterilizasiya həyata keçirib. Bu barədə qurumun ötən ilin yekunlarına dair keçirilmiş iclasında bildirilib. Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən, hal-hazırda daxili bazarda 1 dolların qiyməti 0,784-0,785 manat civarındadır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev manatın ucuzlaşdırılması ilə bağlı addımları müsbət sayır. Onun sözlərinə görə, bu, yerli istehsalın stimullaşdırılması və Azərbaycan mallarının xarici bazarlara çıxışı baxımından olduqca əhəmiyyətlidir. Əks təqdirdə, manatın məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənər ki, bu da ölkəyə idxalın həcmini getdikcə artırar. İqtisadçının fikrincə, Azərbaycanda valyuta məzənnələri sərbəst şəkildə müəyyən edilsə, yəni bazarın ixtiyarına buraxılsa 1 ABŞ dolları 70 qəpiyə qədər ucuzlaşa bilər.