İlham Əliyev Həsən Ruhanini təbrik edib
10 Fevral 2014 21:28 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının
Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb. Təbrikdə
deyilir: "İran İslam Respublikasının milli bayramı - İnqilab günü
münasibətilə Sizə və Sizin simanızda qardaş İran xalqına ən səmimi
təbriklərimi yetirirəm. Ölkələrimiz arasındakı münasibətlər tarixən
dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın
iradəsindən və ortaq mənəvi dəyərlərimizdən qaynaqlanır.
İnanıram ki, Davos İqtisadi Forumu zamanı keçirdiyimiz görüşdə
ifadə etdiyimiz kimi, ikitərəfli münasibətlərimizin xoş
ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi,
əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda səylərimizi
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik". İlham Əliyev
Həsən Ruhaniyə möhkəm cansağlığı, işlərində uğurlar, dost və qardaş
İran xalqına sülh və rifah diləyib.