Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə İstintaq İdarəsinin rəisi: “Orxan Zeynalov qətli törədən zaman sərxoş vəziyyətdə olub”
10 Fevral 2014 21:53 (UTC+04:00)
Keçən ilin oktyabrın 10-da Moskva sakini Yeqor Şerbakovu qətlə
yetirməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun
cinayət işi ilə bağlı bəzi yeniliklər ortaya çıxıb. APA-nın Moskva
müxbirinin verdiyi məlumata görə, cinayət işinin istintaqını aparan
müstəntiqlər qətlin təfərrüatlarının tam müəyyənləşdirə biliblər.
Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Şəhər İstintaq
İdarəsinin rəisi Vadim Yakovenko bildirib. Onun sözlərinə görə,
qətl törədilən günü Orxan Zeynalov kafedə olub: "Sərxoş vəziyyətdə
kafedən çıxan O. Zeynalov evə gedərkən yolda Yeqor Şerbakov və onun
rəfiqəsi ilə rastlaşıb. Zeynalov onları təhqir etməyə başlayıb.
Şerbakovla Zeynalov arasında mübahisə yaranıb. Bu zaman Zeynalov
cibində gəzdirdiyi bıçağı çıxararaq Şerbakova iki zərbə endirib.
Bıçaq zərbələrindən biri Şerbakovun düz ürəyinə dəyib".İdarə rəisi
hazırda kompleks istintaq hərəkətlərinin keçirildiyini bildirib:
"Baxmayaraq ki, təqsirləndirilən şəxs günahını etiraf etməyib, onun
özünümüdafiə versiyası toplanmış sübutlar vasitəsi ilə tamamilə
inkar olunur".Xatırladaq ki, Moskvanın Qərbi Biryulevo rayonunda
keçən ilin oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs
tərəfindən qətlə yetirilməsi ölkədə böyük rezonansa səbəb olub.
Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və
"skinhed"lər Qərbi Biryulevo rayonunda yerləşən "Biryuza" ticarət
mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət
mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan
miqrantları döyüblər.Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri
yeridilib. "Skinhed"lər polislərə də müqavimət göstərib. Onlar
ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və
avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda
miqrant və yerli sakin yaralanıb. Y.Şerbakovun qətlində şübhəli
bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva
ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya
aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf etsə
də, məhkəmə də bu ifadəni təzyiq altında verdiyini bildirib və
ittihamları rədd edib.