Səməd Seyodovdan mətbuata irad

11 Fevral 2014 09:55 (UTC+04:00)
"Bəzi mətbuat orqanlarında Azərbaycan-Avropa münasibətləri haqqında yayılan məlumatlar həqiqətdən tam uzaqdır". 

Movqe.az xəbər verir ki, bu sözləri  Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəzi mətbuat orqanlarında Azərbaycan-Avropa münasibətləri haqqında yayılan əsassız xəbərlərlə bağlı AzərTAc-a müsahibəsində deyib.


- "Son vaxtlar bəzi mətbuat orqanlarında Avropa-Azərbaycan, Avropa Şurası-Azərbaycan münasibətlərinə dair əsassız məlumatlar yayılır. Təbii ki, Azərbaycan-Avropa münasibətləri getdikcə möhkəmlənən və müxtəlif sahələri əhatə edən əlaqələr kimi qiymətləndirilməlidir. Bu nöqteyi-nəzərdən Azərbaycan-Avropa münasibətləri xüsusi diqqətə layiqdir. Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan-Avropa münasibətləri haqqında bir neçə dəfə ən yüksək tribunalarda və ən yüksək səviyyəli görüşlərdə demişdir ki, bu əlaqələr yeni bir mərhələyə yüksəlməli, hətta Assosiativ sazişdən daha da yüksək, yəni, strateji tərəfdaşlıq səviyyəsinə qalxmalıdır. Əlbəttə, bu münasibətlərə həm mediada, həm də siyasətçilər arasında xüsusi diqqət var.


Prezident İlham Əliyev bu yaxınlarda Dünya İqtisadi Forumunda demişdi ki, Azərbaycan-Avropa münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlməlidir. Ona görə ki, Azərbaycan-Avropa münasibətləri Assosiativ sazişlə tam şəkildə əhatə oluna bilmir. Təbii ki, bu nöqteyi-nəzərdən Azərbaycan-Avropa münasibətlərini şərh etmək, bu məsələləri araşdırmaq çox vacib və əhəmiyyətlidir.


Təəssüf ki, son vaxtlar mətbuatda Azərbaycan-Avropa münasibətlərinə xələl gətirən cəhdlərin şahidi oluruq. Bir müddətdən sonra Azərbaycan Avropa Şurasına sədrliyə başlayır. Bu sədrlik iyun ayında Azərbaycana keçəcəkdir. Yəni, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi 47 ölkəyə rəhbərlik edəcəkdir. Bu, tarixi bir hadisədir. Biz 2001-ci ildə Avropa Şurasının üzvü olmuşuq. 2014-cü ildə isə belə bir sədrliyi əldə edirik. Bu rəhbərlik rotasiya prinsipi əsasında həyata keçirilir. Növbəti belə bir rəhbərlik 22 ildən sonra olacaqdır. Buna görə də bəzi qüvvələr Azərbaycan-Avropa Şurası münasibətlərinə hansısa formada xələl gətirmək niyyətindədir. Məsələn, mətbuatda görürük ki, Avropa Şurası və Avropa Parlamenti məsələləri qəsdən qarışdırılır. Avropa Şurasında ümumiyyətlə olmayan və heç bir məntiqə sığmayan məsələlər guya Avropa Şurasında baş verirmiş kimi təqdim edilir. Məsələn, bir müddət bundan əvvəl guya Avropa Şurasında separatçı qüvvələrin toplantısının keçiriləcəyi ilə bağlı məlumat verilmişdi. Sonra məlum oldu ki, bu, Avropa Parlamentinin bir neçə deputatı tərəfindən Brüssel şəhərində təşkil olunmuş bir təxribatçı yığıncağa Avropa Parlamentinin təşəbbüsü kimi və hətta Avropa Parlamentinin əvəzinə Avropa Şurası kimi təqdim edilməyə cəhd göstərilib.


Bunun səbəbi aydındır. Bəzi qüvvələr Azərbaycan-Avropa münasibətlərinə xələl gətirmək istəyir. Bu gün mətbuatı izləyərkən görürəm ki, guya Avropa Şurasında və Parlamentində Avropa-Azərbaycan münasibətlərinə görə bəzi deputatların cəzalandırılması məsələsi gündəmə gətirilmişdir. Əslində Avropa Şurası-Azərbaycan münasibətlərində belə bir məsələ ümumiyyətlə yoxdur. O ki qaldı Avropa Parlamentində fəaliyyət göstərən deputatlara, bunu birmənalı bilmək lazımdır ki, Azərbaycan ilə Avropa Parlamenti və Şurası arasında olan münasibətlər konstruktiv xarakter daşıyır və heç bir subyektiv məsələlərə söykənmir. Yəni, avropalı deputatlar Azərbaycanı deyil, obyektiv mövqeyi, həqiqəti müdafiə ediblər və edirlər. Bu həqiqəti müdafiə etdikləri üçün heç kim heç bir zaman həmin şəxsləri cəzalandırmaq niyyətində olmayıb və ola da bilməz. Yəni, mətbuatda yer alan belə cəhdlər bir daha göstərir ki, Azərbaycan-Avropa əlaqələri dərinləşdikcə, genişləndikcə, Azərbaycan Avropa üçün əhəmiyyətli, strateji tərəfdaş səviyyəsinə yüksəldikcə bu münasibətlərə xələl gətirmək istəyənlər fəallaşırlar. Bir daha bildirirəm ki, avropalı deputatların Azərbaycan ilə yaxşı münasibətlərdə olduqlarına görə cəzalandırılmaları haqqında məlumatlar həqiqətdən tam uzaq məsələdir.


Mən oxucuların diqqətinə çatdırıram ki, Azərbaycan-Avropa münasibətləri dərinləşdikcə, bu əlaqələrə xələl gətirmək üçün həqiqətə uyğun olmayan məlumatların yayılması cəhdləri çoxalacaq. Qəti şəkildə bəyan edirəm ki, bunların heç bir əsası yoxdur"- deyə Səməd Seyidov bildirib.