İlham Əliyev "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunda dəyişikliyi təsdiq edib

11 Fevral 2014 10:26 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Prezident İlham Əliyev "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2013-cü il 27 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 65-2-ci maddə əlavə edilir:

"Maddə 14-2. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyəti

I. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış tədbirləri bu qanunla müəyyən edilmiş qaydada tətbiq edilir.

II. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətini müvafiq olaraq həbs yerlərinin və cəzaçəkmə müəssisələrinin müdiriyyəti həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə əməliyyat-axtarış fəaliyyətini həbs yerlərinin və ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti ilə birgə həyata keçirirlər.

III. Həbs yerlərində və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı qanunların icrasına nəzarəti bu qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş qaydada prokurorluq orqanları həyata keçirirlər.".

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Fərmanla müəyyən edilir ki, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 14-2-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi həyata keçirirlər.