İran Ermənistanın əsas himayədarına çevrilir

7 İyun 2012 18:06 (UTC+04:00)

Məlum olduğu kimi bu gün Azərbaycanın iqtisadi pressinqləri qarşısında işğalçı Ermənistanın güclə olsa da tab gətirməsinin əsas səbəblərindən biri İranın bu ölkəyə verdiyi hərtərəfli yardım və dəstəkdir. Hadisələrin inkişaf istiqaməti göstərir ki, Azərbaycanla eyni dini bölüşən İran bundan sonra da Ermənistanla işbirliyini daha da möhkəmləndirmək niyyətindədir. Söhbət Ermənistanla İran sərhədində Araz çayı üzərində müştərək su elektrik stansiyasının tikintisindən gedir. Məlumatlara görə tikintiyə avqustun sonunda başlanacaq.

İran İslam Respublikasının energetika naziri Məcid Namcunun İrəvana səfəri zamanı bununla bağlı artıq müvafiq razılıq əldə edilib. İranın PressTV kanalının məlumatına görə, tikinti Ermənistanın Meğri və İranın Qaraçılar məntəqələrində bir vaxtda başlanacaq.

Yeni stansiyanın 130 Meqavat elektrik enerji istehsal edəcəyi planlaşdırılır.

Məcid Namcu Ermənistan prezidenti Serj Sarkisyanla görüş zamanı yaxın vaxtda Mehri su elektrik stansiyasının və 3-cü yüksəkvoltlu Ermənistan-İran elektrik xəttinin tikintisinə başlanılacağını bildirib. Bütün bunlar onu göstərir ki, İrəvanla Tehran arasında enerjidaşıyıcıları sahəsində də əməkdaşlıq genişlənir. Ermənistanın energetika naziri Armen Movsisyan qeyd edir ki, İranla qarşılıqlı energetika əlaqəsi ölkəsinin energetika təhlükəsizliyinin saxlanılması səviyyəsindədir.

O, əlavə edib ki, indiyə kimi İslam Respublikası ilə həyata keçirilən proqramların heç biri dayanmayıb - nə qaz kəməri, nə dəmiryol proqramı, nə neft məhsulları kəməri, nə də Araz çayı üzərində tikilən Su Elektrik Stansiyası. Araşdırmalar göstərir ki, enerji, nəqliyyat və mədəni fəaliyyətlər Ermənistan-İran əlaqələrinin əsasını təşkil edir. Ümumiyyətlə, enerji qaynaqlarından məhrum olan Ermənistan enerji ehtiyacını qarşılamaq və Rusiyadan olan asılılığını azaltmaq üçün İranla enerji layihələrinə əhəmiyyət verməkdədir. İki tərəf arasında təbii qaz kəməri var, hidroelektrik stansiya inşa edilməkdə və Ermənistan-İran sərhədində İran neftini emal edəcək neft zavodunun inşası planlaşdırılmaqdadır. Ötən illərdə İran Türkiyə və Naxçıvana verdiyi təbii qazı kəsdiyi halda, sərkən Ermənistana verdiyi təbii qazı kəsməyib.

İran hər gün Ermənistana təxminən 1,5 milyon litr benzin və dizel yanacağı tədarük edir. Tərəflər arasında əldə edilən razılaşmaya görə, İran hələ ötən ildən hər gün İrəvana 750 min litr benzin və 750 min litr dizel yanacağı ixrac etməkdədir. Qeyd edək ki, Ermənistanda bir çox obyektlər İrandan alınan enerji hesabına fəaliyyət göstərir. Onlardan biri Razdan istilik elektrik stansiyasıdır. Hazırda bu stansiyanın tam təminatı İrandan alınan qazın hesabına baş verir. O da məlumdur ki, İran tərəfi Ermənistana çox böyük güzəştlər edərək, onun nəinki maliyyə xərclərini öz üzərinə götürüb, o cümlədən qazın satılmasının barter yolu ilə həyata keçirilməsinə razılıq verib, yəni İran 1 kubmetr əvəzində 3 kilovat saat elektrik enerjisi alır.

Bunu rəqəmlə ifadə etsək, müəyyən olur ki, İran min kubmetr qazı Ermənistana cəmi 60 dollara satır. Müqayisə üçün deyək ki, Ermənistan Rusiyadan aldığı "mavi yanacağ"ın min kubmetrinə 180 dollar ödəyir. İranla Ermənistan arasındakı qaz kəmərinin ikinci qolu tikiləndən sonra isə bu ölkə "mavi yanacağa" olan tələbatını tam ödəyəcək. Belə ki, kəmərin buraxılış gücü 2 milyard kubmetr təşkil edir. Ermənistanın qaza olan tələbatı isə ötən il 1,5 milyard kubmetr olub.

Bir sözlə, İran Rusiyadan sonra Ermənistanın ən yaxın iqtisadi tərəfdaşıdır. Ekspertlərin fikrincə, İranın Ermənistana olan qayğısı iqtisadi deyil, daha çox siyasi xarakter daşıyır.

Ekspertlər bildirir ki, Türkiyə, Gürcüstan, Azərbaycan arasında çox sıx iqtisadi əlaqələr mövcuddur. Enerji layihələri həyata keçirilir, Bakı-Tiflis-Qars dəmir yolu xətti çəkilir. Bunlar hamısı Ermənistandan yan keçir. Hamısı ona işarədir ki, Ermənistan işğalçı siyasətə davam etdikcə, bu regional layihələrdə iştirak edə bilməyəcək. İran isə bu tip əlaqələr qurmaqla, sanki Ermənistanı bu blokadadan çıxarmağa çalışır ki, bu əslində həm Azərbaycan, həm Türkiyənin əleyhinədir.

Qeyd edək ki, hazırda İranla Ermənistan arasında ticarət dövriyyəsi 200 milyon dollardan yuxarıdır. Amma tərəflər bu rəqəmi 1 milyard dollara çatdırmağı planlaşdırır.