Ölkədə nəqliyyat vasitələrinin ekologiyaya vurduqları ziyanın qarşısının alınması istiqamətində görülən işlərin miqyası genişlənir. Bu fonda isə belə təkliflər də səslənir ki, ekoloji durumun daha da yaxşılaşdırılması üçün elektrik qatarlarının və tramvayların yenidən istifadəyə verilməsi vacibdir. Qeyd edək ki, bu nəqliyyat növlərinin fəaliyyətinin yenidənbərpaoluna biləcəyinə dair vaxtaşırı fikirlər səslənir. Bəs Bakıda elektrik və tramvay xətlərinin yenidən salınması mümkündürmü?
Mövqe.az-a açıqlamasında tramvay və
elektrik qatarlarının həm pula, həm vaxta qənaətə, həm də sıxlığın
aradan qaldırılmasına səbəb olacağını deyən nəqliyyatçı-ekspert
Azər Allahverənov Bakıda bu nəqliyyat vasitələrinin yenidən
istifadəyə verilməsi üçün bir çox imkanların olduğunu düşünür: "Bu
gün ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı çox ciddi
tədbirlər həyata keçirilir. Dövlət bununla bağlı konkret
addımlar atır. Elə "Avro-4" standartına keçid də ərtaf mühitin
mühafizəsinə yönəlmiş mühüm bir addımdır. Bu sahədə kompleks
tədbirlər həyata keçirilməsi ilə yanaşı, eyni zamanda alternativ
nəqliyyat vasitələrindən istifadəyə də yer veriilməlidir. Məsələn,
uzun müddətdir, Azərbaycanda yenidən tramvay xətlərinin çəkilməsi
məsələsi gündəmdədir. Sonuncu dəfə 2011-ci ildə tamvay xətləri ləğv
olunmuşdu. O vaxtkı xətlər heç bir standartlara cavab verməyən,
texniki baxımdan çox zəif və istismar müddətini başa vurmuş halda
idilər. Beləliklə, bu nəqliyyat növləri tamamailə ləğv
olundu. Bu isə müxtəlif səbəblərlə izah edildi. O zaman Bakıda
nəqliyyat vasitələti ilə bağlı sıxlığın olmadığı göstərilirdi. Bu
gün isə sıxlıq göz qabağındadır. Təcrübə göstərir ki, tramvaylar
bir çox cəhətdən üstünlüklərə malikdirlər. Bu nəqliyyat növü bir
tərəfdən sıxlığın, digər tərəfdən də vaxt itkisinin qarşısın
alacaq. Çünki, tramvaylar konkret vaxt qrafiklərinə əsasən hərəkət
etdiklərindən, sərnişin ən azından hansısa dəqiq vaxtda istədiyi
yerdə olacağını biləcək. Başqa bir tərəfdən isə sərnişinlər
iqtisadi cəhətdən qənaət edəcəklər. Çünki, tramvay digər nəqliyyat
vasitələrinə nisbətən ucuzdur. Elektriklə işlədiyindən çox
qənaətcildir. İqtisadi cəhətdən qənaətcil olması ilə bərabər, digər
tərəfdən də ətraf mühitə zərərli deyil. Məsələn, avtomobil kimi
ətrafa zəhərli maddələr buraxmır. Ona görə də, tramvay yollarının
salınması təklifi həm ictimaiyyət tərəfindən, həm də müəyyən
qurumlar tərəfindən çox müsbət qarşılanır. Faktiki olaraq bu gün
Gəncədə artıq müasir standartlara cavab verən tramvay xətləri
çəkilməkdədir. Hesab edirəm ki, Bakıda da bunun üçün çox yaxşı
imkanlar var. Düzdür, yol infrastrukturunda yeni tramvay
strukturunun salınması vəsait tələb edən məsələdir, amma nəzərə
alsaq ki, bu həm ətraf mühitin mühafizəsi, qənaətçilik və sıxlığın
aradan qaldırılması kimi 3 əsas məsələdə faydalı olacaq. Düşünürəm
ki, müvafiq qurumlar məsələ ilə bağlı ciddi araşdırmalara
başlayacaqlar və konkret olaraq bu infrastrukturun və bu nəqliyyat
vasitəsinin Bakı şəhərində yenidən dövriyyəyə buraxılması ilə bağlı
konkret qərarlar veriləcək".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir
Qocayev də məsələnin müsbət istiqamətdə həllinin mümkünlüyünü
düşünür: "Azərbaycanda artıq ekoloji cəhətdən təmiz nəqliyyat
vasitələrindən istifadə zamanın və günün tələbidir. Xüsusən də Bakı
kimi meqapolis vəziyyətinə gəlmiş bir şəhərdə bu, artıq zərurətdir.
Bizdə tarixən də elektrik qatarlarından istifadə olunub. Amma təbii
ki, o vaxtdan xeyli zaman keçib və o vaxtkı texnologiya ilə
hazırlanmış vaqonlardan deyil, daha yüksək komfortlu vaqonlardan
istifadə etmək lazım olacaq. Mən inanıram ki, yaxın gələcəkdə
Bakıda yenidən tramvay sistemi yaradıla bilər. Şəhərin
infrastrukturunu da buna uyğunlaşdırmaq lazımdır. Əvvəlki elektrik
qatarlarının yoluna baxmaq, çatışmayan hissələri bərpa eləmək olar.
Bununla bağlı müvafiq proqram hazırlanmalı, proqrama uyğun
olaraq da texnoloji ardıcıllığa əsasən iş reallaşdırılmalıdır. Biz
hər hansı bir yolu keçmək üçün yeri qazıb tunel çəkirik, keçid
düzəldirik və ya körpü salırıq. Və yaxud da hər hansı ərazi
genişləndirilməsi üçün bizdə binalar da sökülür. Yəni, yeni
nəqliyyat növlərinə uyğun struktur da yaradıla bilər. Bu iş
Nəqliyyat Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin verdiyi
plan əsasında həyata keçirilir. Qeyd edim ki, perspektivdə də yeni
nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulur. Plan qəbul
olunub təsdiq olunandan sonra, onun həyata keçirilməsi ilə bağlı
müvafiq tədbirlər planı hazırlanacaq və təbii ki, ondan sonra nə
vaxt həyata keçirilməsi haqda məlumat vermək olar. Düşünürəm ki,
ilin ortalarında bu haqda məlumat verə biləcəyik".