Ombudsman Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
11 Fevral 2014 18:38 (UTC+04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Elmira Süleymanova Xocalı soyqırımının 22-ci
ildönümü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman Aparatının mətbuat xidmətindən ANS
PRESS-ə verilən məlumata görə, bəyanatda 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı
birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı
motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ
müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli
nəticələrinə görə analoqu olmayan hadisələrdən olduğu vurğulanıb:
"Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı
ağır texnikası şəhərə yeridilib, yaşayış evləri və şəhərin sosial
infrastrukturu tamamilə dağıdılıb və yandırılıb. Cinayətkarlar
vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc
insanları amansızcasına qətlə yetiriblər.
Xocalı soyqırımı zamanı adları bəlli olan 613
nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına
son qoyulub, 487 dinc sakin ağır yaralanaraq şikəst olub, 1275
nəfər əsir və girov götürülüb. İtkin düşmüş 150 nəfərin taleyi
indiyədək məlum deyil. Həmin kütləvi qırğın həyata keçirilərkən 8
ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130
uşaq isə valideynlərinin birindən məhrum olunub, mülki əhali
görünməmiş vəhşiliklə qətlə yetirilib, əsir və girov götürülənlərə
amansız işgəncələr verilib. Bu zaman soydaşlarımızın əsas insan
hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi
şəkildə, kobudcasına pozulub".
Bəyanatda qeyd olunub ki, Xocalı soyqırımına hələ
də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terror əməllərinə
qarşı qəti tədbirlər görülməməsi qəzəb və təəssüf hissi doğurur.
Beynəlxalq təşkilatlar ikili standartlara yol vermədən, beynəlxalq
hüquq norma və prinsiplərinə uyğun olaraq, bu münaqişənin həllinə
yönəlmiş səylərini daha da artırmalı, bu hadisə səlahiyyətli
beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət
törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir: "Bir daha bəyan
edirik ki, Xocalı faciəsi beynəlxalq hüquq normalarına əsasən
soyqırımıdır. Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş
beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın
ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad
edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa
olunmalı, onlar öz doğma yurdlarına qayıtmalıdır".
Bəyanat BMT-nin baş katibinə, BMT-nin
Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali
Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə,
Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya
Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal
Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan
Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin
respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor
təşkilatlarına ünvanlanıb.