Azərbaycandakı zəlzələnin səbəbi bilindi
11 Fevral 2014 18:40 (UTC+04:00)
"Hazırda Günəşdə aktivlik maksimum səviyyədədir, zəlzələlərin də
sayı artıb".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına
Şamaxı Astrofizika Rəsədxanası son vaxtlar Günəşdə baş verən
proseslərin Yer səthinə təsiri və ötən gün baş verən zəlzələ ilə
əlaqəsinin olub-olmamasına aydınlıq gətirib. Şamaxı Astrofizika
Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov
APA-ya açıqlamasında deyib ki, dünyanın inkişaf etmiş ölkələrində
zəlzələlərin əvvəldən proqnozunu müəyyən etməyə həddindən artıq çox
vəsait sərf olunur. Lakin hələlik buna heç kimin nail olmadığını
deyən N.Cəlilovun sözlərinə görə, Günəş aktivliyi ilə proqnozlar
arasında statistik kollerasiya (asılılıq) müşahidə olunur: "Amma bu
asılılıq hansı formadadır, fizikası nədir, bunu bilən yoxdur.
Hazırda Günəşdə aktivlik maksimum həddədir, Yer kürəsində də
zəlzələlərin artıb. Deməli, Günəşdə aktivlik çoxdursa, zəlzələlərin
də sayı artır, azalanda o da azalacaq. Bütün zəlzələlərin
statistikasını ümumiləşdirib Günəşin aktivliyi ilə müqayisə edəndə,
birbaşa asılılıq olduğu təsdiqlənir. Amma bunun səbəbləri bilinmir.
Günəşin yerə birbaşa təsiri olmasa da, dolayısı yolla var. Görünür,
Günəş aktivliyi maqnit sahəsini silkələyir, Yerin daxilində baş
verən proseslərin dinamikasına təsir edir, sonra bu, artaraq
güclənir, yığılan enerji çoxalır, nəticədə təkanlara səbəb
olur".
Ayın yerdə olan proseslərə təsirinə gəlincə, N.Cəlilov qeyd edib
ki, onun yerə təsiri qabarma və çəkilmə nəticəsində olur. Şöbə
müdirinin sözlərinə görə, Ayın da qabarma və çəkilmə hadisəsi ilə
zəlzələlər arasındakı asılılıq axtarılır: "Ayın yerə təsiri də
istisna olunmur. Qabarma və çəkilmə qüvvələri birbaşa yerin
nüvəsində gedən proseslərə, onların sürətinə təsir edə bilər. O da
son nəticə etibarilə enerjinin yığılması və sonra da yerin səthinə
çıxması nəticəsində zəlzələnin baş verməsi ilə nəticələnə bilər".