Azərbaycan Prezidenti İlham Əliyev "15 yaşı tamam olmamış
Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı
haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb. Trend-in
məlumatına görə, bu qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə
minəcək. Qanun 15 yaşı tamam olmamış Azərbaycan Respublikası
vətəndaşına fərdi identifikasiya kartının verilməsi, habelə fərdi
identifikasiya kartının dəyişdirilməsi, müvəqqəti alınması, təhvil
verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan
münasibətləri tənzimləyəcək. Fərdi identifikasiya kartı Azərbaycan
Respublikasının ərazisində 15 yaşı tamam olmamış vətəndaşın
şəxsiyyətini təsdiq edən sənəd olacaq. Fərdi identifikasiya kartı
vətəndaşın qanuni nümayəndəsinin (valideynin, vətəndaşı övladlığa
götürənin, qəyyumunun və ya himayəçisinin) müraciəti əsasında
veriləcək. Kartın üzərində vətəndaşın soyadı, adı, atasının adı,
cinsi, doğulduğu tarix, qan qrupu, fərdi identifikasiya nömrəsi,
kartın nömrəsi və etibarlılıq müddəti, habelə onun valideynlərinin
soyadı, adı, atasının adı göstəriləcək. Karta elektron daşıyıcı
(çip) da bərkidiləcək. Çipdə kartın üzərindəki məlumatlarla yanaşı,
vətəndaşın soyadı, adı, atasının adı dəyişilibsə, əvvəlki soyadı,
adı, atasının adı, doğulduğu yer, yaşayış yeri, vətəndaşın
gözlərinin rəngi, qanuni nümayəndəsinin soyadı, adı, atasının adı,
fərdi identifikasiya nömrəsi və əlaqə məlumatları (poçt ünvanı,
elektron poçt ünvanı, telefon nömrələri), fərdi identifikasiya
kartını verən orqanın adı və kartın verilmə tarixi haqqında
məlumatlar da yerləşdiriləcək. Elektron daşıyıcıda saxlanılan
məlumatlar oxunuş üçün açıq olacaq.
Bu qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə almış 15 yaşı
tamam olmamış vətəndaşlar istisna olmaqla, fərdi identifikasiya
kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə
veriləcək. Verilmiş fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı
tamam olanadək etibarlı sayılacaq.
Fərdi identifikasiya kartı vətəndaşlara tələb edilən sənədlər
müvafiq icra hakimiyyəti orqanına daxil olduqdan sonra ən geci 5 iş
günü müddətində pulsuz veriləcək.