Azərbaycanda din xadimləri kurslara cəlb olunacaq
12 Fevral 2014 10:40 (UTC+04:00)
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi tərəfindən və qeyri-ənənəvi təriqətlərin zərərli
təbliğatının qarşısının alınması məqsədi ilə görülən işlər barədə
açıqlama verilib. Komitədən ANS PRESS-in sorğusuna cavab olaraq
bildiriblər ki, məsələ ilə əlaqədar olaraq Dövlət Komitəsi bütün
bölgələrdə regional konfranslar keçirib: "Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi
təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı
effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün
metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi,
milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin
qorunub-saxlanılması, eləcə də dövlət-din münasibətlərini
tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi
məqsədilə ötən il bütün bölgələrdə regional konfranslar
keçirib."
Komitədən bütün böldələrdə din xadimlərinin
iştirakı müzakirələrin keçirildiyi də barədə də məlumat veriblər:
"Burada din xadimləri, ilahiyyatçılar, dindarların iştirakı ilə bir
sıra məsələlər müzakirə olundu, o cümlədən radikalizmlə mübarizə bu
tədbirlərin əsas xətti oldu".
Komitədən bildiriblər ki, ötən ilin sonuncu
rübündən başlayaraq Dini Araşdırmalar Mərkəzi ilə birgə
istiqamətləndirici təlim kursları təşkil edilir: "Kurslar
əvvəlcədən hazırlanmış qrafikə əsasən indiyədək Bakı, Şirvan və
Şimal-Qərb bölgələrində keçirilib. Bu günə qədər keçirilən
kurslarda 150-dən çox imam və axund iştirak
edib".
Məlumatlarda qeyd olunub ki, QMİ-nin iştirakı ilə
cəlb olunmuş imam və axudlar üçün təlim kursları daha çox tədris
xarakterlidir: "Həmçinin, bu kurslar onlar üçün pozitiv
istiqamətdir. Dini maarifçilik işinin kəmiyyət və keyfiyyət
baxımından artıq yeni mərhələdə, cəmiyyətin və müasir dövrün
tələblərinə uyğun aparılması zəruridir. Cəmiyyətdə maarifçilik
işini aparan din xadimlərinin və bu sahədə fəaliyyət göstərən
mütəxəssislərin müxtəlif istiqamətli kurslara cəlb olunması bundan
sonra da davam etdiriləcəkdir".