"Freedom House" erməni lobbisindən "qidalanır"

8 İyun 2012 10:15 (UTC+04:00)

"Freedom House" təşkilatının yazdıqları qərəzli münasibətin göstəricisidir. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, bu təşkilat erməni lobbisindən "qidalanır" və qeyri-obyektiv yazılar yayır.

""Freedom House"un yaydığı informasiyalara diqqət yetirdikdə məlum olur ki, Azərbaycanı Ermənistandan aşağı göstərmək istəyirlər. Bunun da səbəbi var - bu cür təşkilatlar və onların rəhbərləri bəzi erməni lobbisindən "qidalanır" və bu səbəbdən Azərbaycana qarşı qərəzli mövqe tutur", - Qurbanlı deyib.

Onun sözlərinə görə, dövlət katibi Hillari Klinton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın qətiyyətli olduğunu ortaya qoydu.

Mübariz Qurbanlı xüsusi vurğulayıb ki, Hillari Klinton Bakıda verdiyi açıqlamada 2012-ci ilin Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əlverişli fürsət olduğunu bildirib.

"Hillari Klintonun Cənubi Qafqaza səfəri zamanı apardığı danışıqlar bölgə üçün xüsusən, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün əhəmiyyətlidir", - YAP icra katibinin müavini deyib.

O qeyd edib ki, dövlət katibi həmçinin Azərbaycanın bölgədəki rolu, enerji təhlükəsizliyindəki yerindən danışıb.

Mübariz Qurbanlı Hillari Klintonun səfərinin Azərbaycan-ABŞ əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətli olduğunu bildirib.

"Azərbaycan antiterror koalisiyasının üzvüdür və dünyada terrora qarşı mübarizədə Birləşmiş Ştatlarla birgə iştirak edir. İqtisadi əməkdaşlığımız, geopolitik baxımdan maraqlarımız üst-üstə düşür. Azərbaycan və ABŞ-ın bu bölgədə birgə layihələri var", - o deyib.

Deputat hesab edir ki, iki ölkə arasında əməkdaşlıq kifayət qədər yüksək səviyyədədir və bu, davam edəcək.