ASAN-da hansı fərdi evlərə "kupça" veriləcək-Rəsmi Açıqlama Özəl

12 Fevral 2014 14:36 (UTC+04:00)

"ASAN xidmət" mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar (kupça), texniki pasportların verilməsi ilə xidmətlərin göstərilməsi tez bir zamanda mümkün olacaq. Bu barədə Movqe.az-a Agentliyin Beynəxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov  məlumat verib. A.Hüseynov bildirib ki, vətəndaşlar "ASAN xidmət" mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar (kupça), texniki pasportların verilməsi ilə bağlı şərtlər, rüsumlar və sənədlərlə bağlı məlumatları 108 çağrı mərkəzi vasitəsilə ala biləcəklər: "Amma ölkə başçısı bu barədə fərmanı dünən imzalayıb. Xidmətin işə düşməsi üçün texniki məsələlər həll olunmalıdır. Tez bir zamanda "ASAN"da fərmanda göstərilən xidmətlər vətəndaşlara ən yüksək səviyyədə göstəriləcək".

A. Hüseynov fərdi evlərə də "kupça"almağın "ASAN" xdimət vasitəsilə mümkün olub- olmayacağına aydınlıq gətirib. A. Hüseynov bildirib ki, fərdi evlərə ilkin "kupça"nın "ASAN "da verilməsi mümkün olmayacaq: "Çünki fərmanda da göstərilib ki, fərdi  yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar da verilə bilər".

Xatırladaq ki,  Azərbaycan prezidenti İlham Əliyevin "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə verdiyi fərmanda əksini tapıb.  Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi səlahiyyəti də verilib. İndiyə qədər dövlət agentliyinin ilkin qeydiyyat istisna olmaqla yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi səlahiyyəti olub. Agentlik bundan sonra fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar da verə biləcək.  Fərmana əsasən "ASAN xidmət" mərkəzləri yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması, xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu xidmətləri də göstərəcəklər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bu xidmətlərin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etmək tapşırılıb. Dövlət Agentliyinin vəzifələri sırasına "Elektron hökumət" portalının operatorunun rəyinə və əsaslandırılmış tələbinə uyğun olaraq portala qoşulmaq üçün müəyyən edilmiş texniki tələblərə cavab verməyən elektron xidmətlərlə, informasiya sistemləri və ehtiyatları ilə bağlı zəruri texniki tədbirlər və təkmilləşdirmələr aparmaq əlavə edilib.