Standartdan uzaq avtomobil maneələri

12 Fevral 2014 16:00 (UTC+04:00)

Onsuz da sürücülərin əsəblərinin az qala sonuna çıxan tıxac problemi fonunda avtomobil sahiblərinin böyük narazlığına səbəb olan məqamlardan biri də yollarda yerli-yersiz quraşdırılan süni maneələrdir (tramplinlər). Paytaxt yollarındakı əksər avtomobil maneələri standartlara uyğun deyil. Avtomobillərin sürət həddini aşağı salmasına hesablanmış bu maneələr adətən pərakəndə şəkildə quraşdırılır. Digər maraqlı məqamsa maneələrin qurulma vasitələri və ölçüsü ilə bağlıdır. Belə ki kimi kəndir, kimi boru, kimi beton və asfaltdan maneə qurub. Bəzilərinə maneədən çox sədd desək daha doğru olar. Maneə barədə xəbərdar edici yol nişanı və xüsusi standart isə demək olar ki, yoxdur. Onu da qeyd edək ki, belə maneələr qeyri-qanunidir. Çünki, maneələr quraşdırılarkən razılaşdırılmalı və onun yanında müvafiq yol nişanı quraşdırılmalıdır. 

İnzibati Xətalar Məcəlləsinin 163, və 164-cü maddəsində maneələrlə bağlı cərimələr nəzərdə tutulub. Maraqlısı isə odur ki, cərimələr olsa da, cərimə olunan kimsə yoxdur. 

Bununla bağlı "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov Movqe.az-a açıqlamasında bildirib: "Yollarda quraşdırılan süni maneələrdən danışarkən ümumiyyətlə, qeyd edim ki, avtomobil yolları haqda qanunda da öz əksini tapır ki, bu kimi avtomobillərin hərəkətinə mane olan, insanlara problem yaradan hallara yol verilə bilməz. Əgər kimlərsə tərəfindən quraşdırılırsa, bu qeyri-qanunidir. Yalnız bəzi yerlərdə qanuni şəkildə tramplinlərin qurulmasına icazə var. Məsələn, məktəblərə yaxın, uşaq bağçalarına yaxın ərazilərdə Yol Təsərrüfati orqanından icazə almaq şərti ilə tramplinlər quraşdırıla bilər. Yol Təsərrüfatı orqanının tərkibində Yolların Mühafizəsi Xidməti  fəaliyyət göstərir. Bu yaxınlarda Nizami rayonunda bir neçə küçədə belə süni maneələr aradan qaldırılıb. Kimsə icazəsiz tramplin quraşdırıbsa, onun yeri bəllidirsə, dərhal sökülüb çıxarılır. Bu işi görən konkret şəxs məlum olsaydı, onlara qarşı cərimə tədbirləri görmək olardı. Lakin çoxları bu işi gecə vaxtı edirlər ki, heç kimin də xəbəri olmasın. Bu səbəbdən də təqsirkar məlum olmur. Bizim işimiz sadəcə, belə maneələr haqda bizə məlumat verildikdə, onları aradan qaldırmaqdır. Bu sahədə də işlər görülür". 

Memarlıq və İnşaat Universitetinin Nəqliyyat Tikintisi və Yol Hərəkətinin Təşkili Kafedrasının müəllimi Alim Binnətov isə problemin həlli yolunu nəzarətin gücləndirilməsində görür: "Bu yol hərəkəti xidmətinin tabeliyindədir. Yol qurğularına nəzarət üçün "Azəryolservis" ASC-nin nəzdində xüsusi idarə çalışır. O idarə məhz bu işə nəzarət edir. Həmin təşkilatın hüquqları var ki, yoldakı maneə törədən hər hansı əlavələri ləğv eləsin və onu düzəldəni  cərimə etsin. Düşünürəm ki, nəzarət gücləndirilməli və tətbiq olunan cərimələr sərtləşdirilməlidir".