Bağçalarda yoxlamaya başlandı

12 Fevral 2014 17:17 (UTC+04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsi Lənkəranda fəaliyyət göstərən bağçalarda reydlərə başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, reydlərin keçirilməsində əsas məqsəd uşaq tərbiyə müəssisələrində ərzaq təchizatının və keyfiyyətinin vəziyyətinin yoxlanılmasından ibarət olub. Reydlər zamanı bağçalarda uşaqlar üçün ayrılan gündəlik qidaların menyuda göstərilməsinə baxmayaraq, onların heç birinə əməl olunmağı, həmçinin bişirilən yeməklərin içərisində bir tikə ətə belə rast gəlinmədiyi, uşaqlara verilən çörəklərin keyfiyyətinin isə standartlara uyğun olmadığı  üzə çıxıb. Aşkar olunan nöqsanlarla əlaqədar bağçaların müdiriyyətinə tələbnamə və iradnamələr verilib. Tələbnamə və iradnamələrdə qeyd olunan müddəaların yerinə yetirilməsini öyrənmək məqsədilə idarə əməkdaşları qarşıdakı günlərdə həmin bağçalarda yenidən yoxlamaların keçirilməsini nəzərdə tutublar.