Bakıda texnoloji innovasiyalara dair beynəlxalq konfrans keçiriləcək

12 Fevral 2014 19:34 (UTC+04:00)

Azərbaycan Texnologiya Universitetində 2-3 may tarixlərində "Davamlı inkişaf və texnoloji innovasiyalar" beynəlxalq elmi-praktiki konfransı keçiriləcək. Movqe.az-ın xəbərinə görə, konfransın elmi istiqamətlərini "Müasir informasiya və kommunikasiya texnologiyaları əsasında texnoloji proseslərin avtomatlaşdırılması", "Sahələrin iqtisadiyyatı, menecmenti və ekologiyası", "Qida sənayesində texnoloji innovasiyalar və ekspertizaları", "Maşınqayırma sənayesində yeni texnika və texnologiyalar", "Tekstil və yüngül sənaye sahələrində innovasiya texnologiyaları və ekspertizaları" mövzuları təşkil edir. Konfransın təşkilatçıları qismində Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhər İcra Hakimiyyəti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi çıxış edir. Tədbirin işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir. Konfransda iştirak üçün qeydiyyat vərəqəsi (tələb edilən formada), məqalənin mətninin çap və elektron variantını təqdim etmək tələb olunur. Məqalənin elektron variantı "[email protected]" elektron poçt ünvanına göndərilə bilər. Məqalənin tərtib olunması qaydalarına gəldikdə, məqalə "Microsoft Word" mətn redaktorunda, A4 formatında təqdim olunmalı, kənar xətlər: yuxarıdan 20 mm; aşağıdan 25 mm; sol tərəfdən 30 mm; sağ tərəfdən 20 mm, istifadə olunan şrift – Azərbaycan, rus və ingilis dilləri üçün "Times New Roman", sətirlərarası interval 1 olmalıdır. Məqalədəki düsturların "Microsoft Equation" mətn redaktorunda, sxemlər və illüstrasiyalar JPEG və ya BMP formatında yığılması tələb olunur. Birinci sətirdə məqalənin adının çap olunması (14pt, Bold), bir sətirdən sonra – müəllif(lər)in adı, soyadı və atasının adı (13pt, Bold), o biri sətirdə - təşkilatın tam adı (12 pt, Bold, əgər bir neçə təşkilat iştirak edərsə, * işarəsindən istifadə olunmalıdır), bir sətirdən sonra məqalənin qısa şərhi (10 pt, maili şriftlə, 500 simvoldan artıq olmamaqla), bir sətirdən sonra məqalənin məzmunu (12pt), iki sətirdən sonra istifadə olunan ədəbiyyatların siyahısı (10pt) və iki sətirdən sonra ingilis dilində rezyumenin (10 pt, 1000 simvoldan artıq olmamaqla) qeyd olunması da tələblərə daxildir. Bununla yanaşı, məqalənin həcmi 6 səhifədən çox olmamalı, bir müəllif 2 məqalədən çox təqdim etməməli, məqalənin elektron variantı təqdim olunmalı, fayl bir müəllifin soyadı və bölmə nömrəsi ilə (məs., Mamedov F 1) adlandırılmalıdır. Qeyd edək ki, məqalənin dəyəri xarici vətəndaşlar üçün hər səhifəyə görə 8 dollar, Azərbay­can vətəndaşları üçün isə hər səhifəyə görə 3 manat təşkil edir, tələbələr üçün ödənişsiz olaraq müəyyənləşdirilib.