Millət vəkili İlhamə və Floranın davasından yazdı: "Abırı, həyanı, ləyaqəti qoruyaq"

13 Fevral 2014 13:13 (UTC+04:00)
Millət vəkili Etibar Hüseynov son zamanlar şou-biznesdə baş verən qalmaqallara, soyuq müharibəyə maraqlı yanaşma nümayiş etdirib. O, İlhamə Quliyeva və Flora Kərimova arasında yaşananları, sovet dövrü zamanı müşahidə edilən Alla Puqaçova və Sofiya Rotaru arasındakı soyuq müharibə ilə müqayisə edib. Movqe.az Etibar Hüseynovun bu məsələ barədə yazdığı fikirləri təqdim edir:

"Sovetlər dönəminin nəhəng estrada səhnəsi vardı – yüz milyonlarla tamaşaçı publikasının sevgisini, rəğbətini qazanan yeganə böyük səhnə. Və bu səhnənin iki xanım ulduzu uzun illər baş-başa, buynuz-buynuza, kəllə-kəlləyə gəldilər. Alla Puqaçova və Sofiya Rotaru. Bir qədər obrazlı deyəsi olsam- mən özümü qanandan bu iki mügənninin mahnılarıyla böyümüşəm.

Puqaçovanın ilk hiti sayılan "Arlekino" , Rotarununsa "Ya, tı, on, ona" sı oxunanda mənim 9 ya 10 yaşım olardı. Bu və digər mahnılarında mahiyyətini tam anlamasam belə sözlərini demək olar ki, əzbərdən bilirdim. Daim zümzümə edirdim. Və mən özümü qanandan bəri həm də onu eşitmişdim ki, bu iki mügənni arasında hansısa konflikt yaşanır.

Səviyyə baxımından biri digərindən geri qalmayan bu böyük sənətkarlar uzun illər şöhrəti, məhəbbəti bölə bilmədilər. Sovet dönəminin senzuralı mətbuatı pərdəarxası çəkişmələr barədə məlumat verməsə belə soyuq müharibə şəraiti səhnədən sezilirdi, elə şayiələr də səngimək bilmirdi. Hamı bilirdi – arada qısqanclıq var, nəyin, bəlkə lap kimin üstündəsə də.. amma dava var. Eynicinsli iki nəhəng ulduz bir-birini yaman itələyirdi.. Ayrı-ayrı vaxtlarda bu soyuq müharibəyə son qoymaq, tərəfləri barışdırmaq cəhdində bulunanlar oldusa da, nəticəsiz oldu. Allanın çıxış etdiyi konsertlərdə, tv və radio proqramlarında Sofiya görsənmədi. Və ya əksinə.


Amma zaman hər şeyi öz axarına saldı. Bu iki nəhəng ulduz çox sonra bir araya gəldi – 2009-da. Təxminən 40 ilə yaxın davam edən "savaş" sonda barışıqla nəticələndi. Tərəflər bir-birinə əl uzatdılar. Həm də necə. Onda Puqaçovanın 60, Rotarunun 62 yaşı vardı. Gördülər ki, gedirlər. Anladılar ki, sənətin zirvə nöqtəsi artıq arxada qalıb. Əvvəla ölkə o ölkə, miqyas o miqyas deyil, dartışıb paylaşmalı bir kimsə ya bir nəsnə də yox. Görün neylədilər. Həmin dövrün ən populyar hitini – qalmaqallı "Tatu" qrupunun "Nas ne daqonyat" -"Bizə heş kəs çata bilməz" mahnısını duet olaraq ifa etdilər, sonda da hamının qarşısında qucaqlaşıb öpüşdülər. Nəvələri yaşda bu iki qızın dünyaca populyar mahnısını ifa etməklə əslində meydan oxudular.

Sübut etdilər ki, hələ sənətləri var. Sübut etdilər ki, gözəl mügənni olmaqla bərabər həm də böyük hərflə yazılacaq ŞƏXSİYYƏTdirlər. Göstərdilər ki, sənət olan yerdə başqa hisslər çox cılız olsun gərək. Barışdılar.. Öz böyüklüklərini ortaya qoydular. Və bununla da gənc nəslə bir nümunə, örnək oldular. Bilirəm ürəyinizdən keçənləri. Apardığınız paralellər, müqayisələr gün kimi aydındır. Elə bu yazının məğzi də həmin düşündüyünüz mövzuya həsr olunub. Flora Kərimova və İlhamə Quliyeva və ya əksinə, İlhamə Quliyeva və Flora Kərimova. Yəni estradamızdakı birinci və ikinci sənətkarlar yox. Yan-yanaşı gedən iki əvəzedilməz, nəhəng sənətkar. Yenə də bir qədər obrazlı desəm, mən gözümü açandan bəri bu iki xanımın mahnılarıyla böyümüşəm. Amma özümü qanandan bəri həm də onu eşitmişəm ki, bu iki müğənni xanım arasında da bir dava-savaş gedir. Amma tək mən deyil, bizim nəslin nümayəndələri sabah, birigün artıq baba, nənə olacaq az qala; amma bu dava hələ də bitməyib. Bu illər ərzində çoxları dalaşdı, çoxları düşmənçilik etdi. Amma gec ya tez hamısı barışdı. Və ən gülməlisi də odur ki, bir çoxlarının barışmasında, bir araya gətirilməsində məhz bu iki xanım vasitəçilik, ağbirçəklik elədi. Amma fəqət özləri bir araya gəlmədi.


Səviyyə baxımından biri digərindən geri qalmayan bizim böyük sənətkarlar da uzun illər şöhrəti, məhəbbəti bölə bilmir, neçə illərdir düşmənçilik edirlər. Bəli, bəli.. Nə rəqabət aparır, nə konflikt yaşayırlar.. Məhz düşmənçilik edirlər. Qarşılıqlı ittihamlar, bir-birindən ağır söyüş və təhqirlər, sayını-hesabını artıq özlərinin də unutduğu məhkəmə çəkişmələri.. Daha düşmənçilik necə olur ki? Kökü artıq çox dərinlərə işləmiş bu qarşıdurma haqqında saatlarla danışmaq, kimin haqlı, kimin haqsız olması barədə uzun-uzadı mübahisə etmək də olar. Ancaq məqsədim bu deyil, tam başqadır. YETƏR. Bu amansız müharibədən tamaşaçının bezib usandığı, az qala hər ikisindən üz döndərdiyi bir yana, vuruşan tərəflərin də yorulduğu artıq üzdədir. Jurnalistikada olduğum vaxtlarda bu iki sənətkarın hər biriylə təmasda olmuşam. Dəfələrlə müsahibələr alıb, proqramlar hazırlamışam. Hər ikisini kifayət qədər yaxından tanıyıram. Hər ikisinə böyük hörmətim var. Hər ikisindən eyni məsafədəyəm. Ona görə də tam əminliklə deyirəm. Hər ikisi bu sonsuz müharibədən yorulub, hər ikisi üzülüb, hər ikisi təngnəfəsdir. Və hər ikisi əslində barışmaq istəyir, hərçənd bu etirafı heç biri dilə gətirmir. Halbuki örnək də var. Rus və ukraynalı iki xanım sənətkarın – Puqaçova ilə Rotarunun barışıq örnəyi. Bizim azərbaycanlı xanımlarsa hələ qırğına, hələ savaşa çıxır. Heç biri öz qürur və məğrurluğunu adlayıb əl uzatmır. 

Amma YETƏR.. Bu mənasız və nəticəsiz savaşa son qoymağın vaxtı yetişib, bəlkə vaxtı keçib də. İnanın ki, bu, bir zaman tələbi, jurnalistika diliylə desək həm də bir sosial sifarişdi. Çünki hər iki tərəf Xalq və Xalqın artistidir, mədəniyyət xadimi, canlı əfsanədir. Bir-birlərinə küçə söyüşləri yağdırmaq statuslarına əsla yaraşmaz. Çünki hər ikisi qəbul etsələr də etməsələr də həm də artıq ağbirçəkdi, nənədi..

Gənc nəslə bir örnək olmaq yaşındadılar, söyüş, təhqir, şantaj söyləyəsi yaşda deyillər artıq. Bir gün məhkəmə xəbərləri manşetə çıxırsa ertəsi gün soraqları xəstəxanalardan gəlir. Hamımız bu fani dünyadan nə vaxtsa köçəcəyik, elə bu sənətkarlar da. Xanım Kərimovanın 73, xanım Quliyevanın 71 yaşı var. Amma, əzizlərim, özünüzdən sonra nə qoyub getdiyinizin heç fərqindəsinizmi? Fərqindəsinizmi, İlhamə xanım? Bəs siz necə, Flora xanım? Bəli, Azərbaycan musiqi tarixinə onlarla unudulmaz, həmişəyaşar, bənzərsiz ifalar qoyub gedəcəksiniz. Amma həm də bir savaş, bir düşmənçilik nümunəsi qalacaq sizdən sonra. Sizdən əvvəlki nəslin sənətkarları bunu etmədilər. 

Şövkət, Sara, Tükəzban, Rübabə kimi korifeylər can bir qəlbdə olmasalar belə sənət irsi qoydular, intriqa mirası yox. Savaş və düşmənçilik ənənəsinin, bu üzdəniraq və dırnaqarası məktəbin təməlini məhz siz ikiniz yaratdınız, hörmətli xanımlar! Siz ikiniz tək mədəniyyət cameəsini, gənc və yaşlı mügənni və musiqiçiləri deyil, həm də bir çox jurnalistləri iki cəbhəyə ayırdınız. Bu gün şou biznes aləmində və mətbuatda "floraçı" və "ilhaməçi" deyilən iki zümrənin olması artıq heç kimə sirr deyil. Və bu insanlar da bir-birilə az qala düşmənçilik münasibətlərindədirlər. Sizin sayənizdə onlar tədbirlərdə, toylarda və ya televiziya çəkilişlərdə ayrı dayanır, bir-birilə salamlaşmırlar. Və bunların da səbəbkarları məhz sizsiniz. Siz - hörmətli İlhamə xanım və Siz - hörmətli Flora xanım. Nə qədər acınacaqlı olsa da bu belədir. 

Və yəqin ki, bu sözlərimi inkar etməyəcəksiniz. Bütün bunları söyləmək çox ağır və çox cətindir. Amma bu belədir. Və bu çətin və üzücü məsələ barədə saatlarla danışmaq, mübahisə etmək olar. Lakin məqsədim aranı yenidən qızışdırmaq deyil, əksinə, tərəfləri barışdırmaqdı. Etiraf edirəm ki, bu, tək mənlik məsələ deyil. Buna həm də ölkənin tanınmış ziyalıları - yazıçıları, sənət adamları, elm və din xadimlərı qoşulmalıdır.


Sual olunur bəs varmı belələri? Əlbəttə ki, var. Kimdi onlar? Onu da söyləyə bilərəm. Fəttah Heydərov, Allahşükür Paşazadə, Anar, Çingiz Abdullayev, Baba Vəziroğlu, Polad Bülbüloğlu, Arif Babayev, Kamaləddin Heydərov, Qənirə Paşayeva, Rauf Arifoğlu, Aqil Abbas və başqaları. Bu insanların hər biri bu konflikti həll etmək iqtidarındadır. Hər biri ayrı-ayrı zaman kəsiyində onlarla insanı barışdırıb, qan düşmənlərini bir araya gətirib. Bunu dəfələrlə eşitmişik də, görmüşük də. Bəs elə isə nəyi gözləyirsiz, əziz dostlar? Bəli, bəlkə də təkbaşına çətin olar. Razıyam. Amma inanın ki, bir neçənizin bir araya gəlməsi bu məsələnin həllinə yetər. Buna hamı əmindi. Və buna hamı inanır. Sadəcə bir addım yetər. Bircə addım. Azərbaycan mədəniyyətinin xatirinə bunu edin. Həm bu sənətkarları qoruyaq, həm də bütövlükdə cəmiyyəti. Abırı, həyanı, ləyaqəti qoruyaq."