Məcburi köçkünlərə xəbərdarlıq

13 Fevral 2014 15:46 (UTC+04:00)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Movqe.az-a daxil olan məlumatda bildirilir ki, hazırda Gəncə şəhəri ərazisində 1500 ailəlik yeni salınmış şəhərciyə məcburi köçkünlərin köçürülməsi aparılır. Bu günə kimi 960 ailə köçürülüb. Köçürülmə prosesi Dövlət Komitəsi, Kəlbəcər Rayon İcra Hakimiyyəti, Kəlbəcər Rayon Polis Şöbəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Polis İdarəsinin nümayəndələrinin və məcburi köçkün icmalarının iştirakı ilə xüsusi yaradılmış komissiya tərəfindən püşkatma yolu ilə ailə tərkibinin sayı nəzərə alınmaqla yüksək şəffaflıq şəraitində həyata keçirilir. Hazırda işlər uğurla davam etdirilir. Lakin təəssüflər olsun ki, köçürmə zamanı bəzi məcburi köçkünlər köçürülən obyektdə yaşamadığından, ev almaq üçün sonradan gəlib həmin obyektlərə müxtəlif qanunsuz yolla yerləşərək, hədə-qorxu gəlməklə ev almaq istəyirlər. Dövlət Komitəsinin mətbuat xidməti bir daha məcburi köçkünlərin nəzərinə çatdırır ki, köçürülmə zamanı bu cür hallara yol verməsinlər və bu sahədə işlər tam nəzarətdə olduğundan bütün neqativ halların qarşısı alınacaq.