Son illər insanların internetə olan marağının və tələbatının artması ilə əlaqədar olaraq, sürətlə bu şəbəkənin genişlənməsi müşahidə olur. Demək olar ki, şəhərin hər yerində cürbəcür internet saytlarının reklamını görürük. Vaxtaşırı yeni saytlar yaradılsa da, bu da bir həqiqətdir ki, çox az sayt müasir tələblərə cavab verir. Və eyni zamanda saytlar müəyyən vaxtlarda haker hücumlarına məruz qalırlar. Bu, dünyanın hər bir ölkəsində yaşansa da buna qarşı adətən müvafiq müdafiə sistemi qurulur. Lakin dünyaın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyr-dövlət saytlarının müdafiə sistemi zəifdir. Bəs buna səbəb nədir və prolemin həlli üçün hansı addımlar atılmalıdır?
Azərbaycan İnternet Forumunun prezidenti
Osman Gündüz Mövqe.az saytına verdiyi açıqlamada problemlərin
yaşanmasına səbəb kimi şəxslərin bu işə həvəskar şəkildə
yanaşmasını və bu sahədə kadr çatışmazlığının yaşandığını göstərdi:
"Bizdə özəl saytların hazırlanmasında dayanıqsız sistemlərdən,
dayanaqsız proqramlardan istifadə olunur. Bu da işə həvəskar
qaydada yanaşmadan irəli gəlir. Son dövrlərdə yeni internet-media
sahəsi daha çox maraq dairəsinə daxil olduğundan, burda ciddi
rəqabət artdığından, arzuolumaz qüvvələrin bura hücumları da
intensivləşir. Hücum olmasa, müdaxilə olmasa, əlbəttə ki, bu tip
resurslar davam edə bilər. Amma maraqlar olanda, rəqabət olanda
hücumlar olur və nəticədə dayanıqsz sistemlər buna tab gətirə
bilmir. Ona görə də, internet-media sahibləri, bu resursları
yaradanlar peşəkar kadrlardan, lisenziyalı proqramlardan istifadə
etməlidirlər. Sonra bu testdən keçirilməlidir və bu iş
mütəxəssislər tərəfindən görülməlidir. Eyni zamanda daha
keyfiyyətli xidmət göstərməlidirlər. Əvvəllər hansısa saytın
arxasında texniki peşəkarların dayanmasına bəlkə də ehtiyac yox
idi. Amma indiki mühit elədir ki, gərək saytların arxasında xüsusi
bir komanda dayansın. Saytın sahibi gərək bu komandaya da müəyyən
ödəniş etsin, onların haqqı ödənilsin ki, daha yaxşı xidmət göstərə
bilsinlər. Bu tədbirlər həyata keçirilsə, düşünürəm ki,
saytlarımızın da müqavimət sistemi daha güclü olar".
İKT üzrə mütəxəssis Cahid İsmayıl isə məsələyə belə aydınlıq gətirdi: "Ümumilikdə monitorinq aparsaq görərik ki, saytların müqavimət gücü o qədər də qənaətbəxş deyil. Bunun müxtəlif səbəbləri var. Birinci səbəb odur ki, bəzən internet saytları kustar üsullarla hazırlanır. Əksər hallarda ilbəil yenilənmə tələb edən proqram təminatları yenilənmir. 4-5 ilin proqram təminatları var ki, bir sıra saytlara hal-hazırda tətbiq edilir. Bir yandan da texnologiya sürətlə inkişaf edir və hakerlər yeni-yeni metodlar tapırlar. Ona görə də artıq bu saytlar yeni hücumlara, yeni növ viruslara dayanıqsız olurlar.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bu sahədə kadr çatışmazlığı var. Başqa ölkələrdə saytların hazırlanması ilə xüsusi şəxslər, mütəxəssislər məşğul olurlar. Dünya təcrübəsində görünür ki, hər bir internet saytının təhlükəsizliyinə nəzarət edən xüsusi şəxslər olur. Universitetlərdə bunun üçün ayrıca kadrlar yetişdirilir. Bizdə həmin kadrların çatışmazlığı mövcuddur. Hətta bəzən kadr çatışmazlığından dolayı bir proqramçı bir neçə saytın təhlükəsizliyinə nəzarət etməyi öhdəsinə götürür. Nəticədə bunu həm fiziki, həm vaxt cəhətdən çatdırmadığı üçün saytların proqram təminatının təhlükəsziliyi geridə qalır. İkincisi isə, istər fiziki şəxslər, istərsə də sahibkarlar saytların təhlükəzliyi məsələsinə ciddi yanaşmırlar. Sayt işləyirsə, düşünürlər ki, hər şey qaydasındadır. Halbuki, sayta qulluq tələb olunur. Necə ki, avtomobili istifadə edərkən ona mütəmadi olaraq qulluq həyata keçirilməlidir, veb saytlarda da bu tələb olunur. Buna görə də sahibkarlar saytlara da qulluq tələb edildiyini dərk etməli, heç olmasa 6 aydan bir saytın proqram təmnatını yeniləməlidirlər".