Göyçənin həsrətini çəkənlərə-Fotolar
13 Fevral 2014 19:07 (UTC+04:00)
XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların
məskunlaşdığı, Cənubi Qafqazda ən iri göllərdən biri olan Göyçə
gölünün qış mənzərəsi yayılıb. Nə qədər ağrıdıcı olsa da o yerləri
tanıyanlar, hətta tanımayanlar Göyçə adlı bir mahalın genetik
düşüncəsini duymaq üçün bu şəkillərə baxmalıdır.
ANS PRESS-in verdiyi məlumata görə, dəniz səviyyəsindən 1926 metr
yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olan Göyçə gölünün səthi
1400 kvadrat kilometrdir. Göyçə gölündə olan forel balığının dadını
onun ətrafında 1988-ci ilədək yaşayan azərbaycanlılar yaxşı
bilir. Xatırladaq ki, Göyçə mahalı Göyçə gölünün sahilləri
boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə
birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan
quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində
Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş
inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər
rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu.
Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox
əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və
balıqçılıqla məşğul olub. Göyçə Azərbaycan aşıq sənətinin
beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və
mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq
Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş
edib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi
Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə
Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kvadrat
kilometr olub. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik
imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur, Göyçə, Şərur,
Dərəyələz, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana
verib.
"Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə
gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə
gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların
qədim yaddaşının və mədəniyyətinin izidir. Göyçə mahalı cənubdan –
Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə
Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunub. Şah dağından baxanda bu
mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladır.
Göyçə mahalı Basarkeçər, Çəmbərək, Aşağıqaranlıq, Kəvər kimi
bölgələri əhatə edib.