Misir Mərdanovun müavini YAP-da sədr müavini oldu
13 Fevral 2014 19:27 (UTC+04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər
komissiyasının iclası keçirilib. Movqe.az saytına istinadən
məlumatına görə, komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Yusif
Hümbətov iclasın gündəliyi haqqında məlumat verib. İclasda ilk
olaraq təşkilati məsələyə baxılıb və YAP Siyasi Şurasının üzvü
İradə Hüseynova Humanitar məsələlər komissiyasının sədr müavini
seçilib. Daha sonra komissiyanın 2014-cü il üçün iş planı müzakirə
olunub. Y. Hümbətov bildirib ki, iş planında Xocalı və 31
mart azərbaycanlıların soyqırımına həsr olunmuş elmi konfransların
keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, komissiya bu il
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar
konfrans, YAP fəalları ilə birgə hərbi hissələrdə vətənpərvərlik və
qəhrəmanlıq tarixinə və digər əlamətdar hadisələrə dair tədbirlər
keçirəcək. Müzakirələr zamanı komissiya üzvləri 2014-cü ilin iş
planı ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda iş planı
qəbul olunub. Qeyd edək ki, YAP İdarə Heyətinin üzvü Yusif
Hümbətovun sədrlik etdiyi Humanitar məsələlər komissiyasına YAP
Siyasi Şurasının üzvləri - Prezident Administrasiyasının Humanitar
siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli
Məclisin deputatları Yaqub Mahmudov və Rafiq Məmmədhəsənov, eləcə
də professor Həsən Mirzəyev və İradə Hüseynova daxildir.