Qərb Azərbaycana qarşı hələ də ikili standartlardan əl çəkmir

14 Fevral 2014 10:26 (UTC+04:00)

Dünya ictimaiyyətindən ölkəmizə qarşı bəslənən ikili münasibət hələ də davam etməkdədir. Belə ki, Avropa Parlamentinin (AP) Azərbaycanda prezident seçkilərini müşahidə etmiş və onu yüksək qiyəmtləndirmiş üzvlərinə qarşı təzyiqlər edilmiəsinə dair məlumatlar bunun real təsdiqi sayıla bilər.

Bu məsələ ilə bağlı Avronest Parlament Assambleyasının (PA) vitse-prezidenti, assambleyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanat yayıb. Bəyanatda bildirilir ki, qeyri-rəsmi müşahidə missiyası tərkibində seçkiləri müşahidə etmiş AP deputatlarına qarşı iddiaların irəli sürülməsini şərtləndirən amillərdən biri də Azərbaycana təzyiq edən güc mərkəzlərinin ölkə daxilində sabitliyi pozmaq cəhdlərinin nəticə verməyəcəyinə əmin olduqdan sonra onu xaricdən göstərilən hər hansı bir dəstəkdən məhrum etmək və beynəlxalq aləmdə Azərbaycanı təkləməkdən ibarətdir. Həmin güc mərkəzləri Azərbaycana obyektiv münasibət bəsləyən deputatlara təzyiqlər göstərilməsinə dəstək verməklə Azərbaycana loyal münasibət göstərən insanları öz mövqelərinə yenidən baxmağa məcbur etməyə çalışırlar. Odur ki, qeyri-rəsmi missiya tərkibində seçkiləri müşahidə etmiş AP deputatlarına qarşı iddiaların irəli sürülməsi və bu məqsədlə Məşvərət Komitəsində dinləmələrin keçirilməsi Azərbaycanı beynəlxalq ictimaiyyətin dəstəyindən məhrum etmək məqsədilə ölkəmizə loyal münasibəti ilə seçilən parlamentarilərə, xarici ictimai-siyasi xadimlərə qarşı başlanmış de-fakto təqib kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Politoloq Oqtay Sadıqzadə bildirir ki, ikili münasibət tək AP tərəfindən deyil: "Başda ABŞ olmaqla ümumiyyətlə, Qərb strukturları regionda Rusiyanı qıcıqlandırmamaq şərti ilə həm Azərbaycana, həm də Ermənistana təsir etmək siyasəti yürüdür. Azərbaycanda da müxtəlif siyasi dairələri maliyyələşdirməklə alternativ fikir mənbələri yaratmaq, müəyyən qədər özünə mütəffiq qazanmaq istəyirlər. Təzyiq olunan Avropa Parlamenti deputatları Azərbaycanda prezident seçkilərini müşahidə ediblər. Onların müsbət rəyləri böyük ehtimalla AB-nin rəhbərliyinin xoşuna gəlməyib. Maraqları, geosiyasi məqsədləri ilə üst-üstə düşmədiyinə görə belə bir mövqe sərgiləyiblər. İkili yanaşmalar zaman-zaman ABŞ-dan da olur. İnsan haqları ilə bağlı özlərinin maliyyələşdirdikləri birliklər vasitəsi ilə tənqidi fikirlər, müxtəlif reytinqlər dərc edirlər. Rəsmi Bakının mövqeyi isə belədir ki, bunlar beynəlxalq QHT-lərdir: "Onlar həmin dövlətlərin siyasi mövqeyini əks etdirmir". Burada bir həqiqət var. Amma digər tərəfdən bu da həqiqətdir ki, onların arxasında elə həmin dövlətlərin rəsmi dairələri dayanır. QHT-lər vasitəsi ilə öz dövlət siyasətlərini realizə edirlər. Son təzyiqlər məhz öz məqsədlərinə çatmaq üçün bir vasitə olaraq həm özlərini demokratiya tərəfdarları kimi təqdim etmək, həm də rəsmi Bakıya təzyiq göstərməkdir. Yəni, təziqlərin və tənqidlərin arxasında sırf iqtisadi və geosiyasi maraq dayanır. İnsan haqlarından, demokratiyadan söhbət gedə bilməz".

Digər siyasi şərhçi Fərhad Meydiyev bildirdi ki, Avropa Parlamentində müxtəlif fikirlər təmsil olunur: "Komitələrlər müxtəlif qruplardan ibarətdir. Orada "sağ"lar, "sol"lar var. Onların da sayları çox deyil. Ona görə də Avropa Parlamentindən müxtəlif qərarlar çıxa bilər. Bunu ikili standart kimi qəbul etmək o qədər də düzgün olmazdı. İkili standart odur ki, vahid bir siyasət olur, amma hərə müxtəlif cür davranırlar. Bu, sadəcə AP-də müxtəlif fikirlərin təmsil olunmasından, komitələrdə qərarlar fərqli olmasından irəli çıxır. Burada səslərin hansının çox olmasına baxmaq lazımdır. AP-nin xarici siyasəti çox da yekdil siyasət deyil. Hər qərarı ayrıca şərh etmək lazımdır. AP-nin bizim xeyrimizi müdafiə edən qərarları da çox olub. Ermənistanı açıq – aşkar işğalçı dövlət adlandırıblar. Ona görə də AP-dən bizə qarşı ikili standart yoxdur. Ancaq bu qərarların təsirsiz olduğunu da demək düzgün olmazdı. Çünki, ən azından AP-dən bir qərar çıxanda həm ictimaiyyət, həm də hökumət ona bir reaksiya verir. Əgər qərar haqlıdırsa, ona uyğun tədbir alırlar. Amma bu cür qərarların sıfır təsirli olduğunu hesab etmirəm. Təsirlər qısa və uzunmüddətli ola bilər".