ABŞ Annanın Suriya üçün yeni cəhdinə soyuq yanaşır

8 İyun 2012 16:18 (UTC+04:00)

Movqe.Az bildirir ki, Birləşmiş Millətlərin (BM) ümumi katibi Ban Ki-mun, Təhlükəsizlik Şurasındakı yığıncaqdan sonra etdiyi çıxışında, Suriya hökumətinin barış planına uymadığını bildirib.

Amerika isə BM və Ərəb Birliyinin Suriyadakı xüsusi nümayəndəsi Kofi Annanın Suriya probleminin həlli üçün qurmağa çalışdığı əlaqə ilə bağlı etdiyi cəhdlərə isti baxmır.

Suriyada ciddi bir vətəndaş müharibəsi təhlükəsi olduğunu və vəziyyətin ən yüksək həddindən qırılma nöqtəsinə gedə biləcəyini bildirən Ban Ki-mun, BM xüsusi nümayəndəsi Kofi Annanın barış planının hələ "mərkəz"də olduğunu söyləyib.

Suriyadakı böhranla bağlı Təhlükəsizlik Şurasının yığıncağından sonra Annan və Ərəb Birliyinin ümumi katibi Nabil əl Ərəbi ilə təşkil etdiyi ortaq mətbuat konfransında çıxış edən Ban Ki-mun, Suriyada "böyük bir vətəndaş müharibəsi təhlükəsinin çox yaxın" olduğunu və Təhlükəsizlik Şurasının "tək səs" olması lazım olduğunu söyləyib.

Ban Ki-mun bundan əlavə, Suriyada son vaxtlar baş verən şiddətli hadisələri "insanlığa qarşı cinayət" olaraq xarakterizə edilə biləcəyini də bildirib.

BM-in Annan barış planına bağlı olduğunu vurğulayan Ban Ki-mun, bundan sonra necə addımlar atılacağı mövzusunda əlavə görüşlərin keçirilməsinin lazım olduğunu söyləyib. Ban Ki-mun, Meksikada baş tutacaq "G 20" zirvəsinin də Suriya mövzusu ilə bağlı tərəflərin görüşməsi baxımından yaxşı bir fürsət olduğunu bildirib.

Annan da, Ban Ki-munun çağırışını təkrarlayaraq, "Qarşıdurmalar gedərək daha da ağır nəticələrə yol aça bilər" sözlərini söyləyib.