ARDNŞ Gürcüstanda yeni qaz şəbəkəsini istismara verib

14 Fevral 2014 17:03 (UTC+04:00)

Bu gün Gürcüstanın Karel rayonunun Dzlevicari kəndində yeni qaz şəbəkəsi istismara verilib.

 Azərbaycan Dövlət Neft Şirkətindən "APA-Economics"ə verilən məlumata görə, açılış mərasimində Gürcüstanın energetika naziri Kaxa Kaladze, "SOCAR Energy Georgia" və "SOCAR Georgia Gas" şirkətlərinin rəhbərləri iştirak ediblər.

 

Bildirilib ki, Dzlevicari kəndində 15 kilometr uzunluğunda yeraltı polietilen qaz kəməri çəkilib. Şəbəkənin 330 abonentə xidmət etməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, bununla da Karel rayonunda 86 km uzunluğunda qaz şəbəkəsinin çəkilişi tamamilə başa çatıb, 2 768 abonent qazla təmin olunub. Ümumilikdə Şida Kartli diyarında çəkilmiş qaz kəmərlərinin uzunluğu 591 kilometrə çatdırılıb ki, bu da 18 315 abonentin qaz şəbəkəsinə qoşulmasına imkan verib. Bu ilin sonuna kimi daha 127 km-lik qaz kəmərinin istismara verilməsi və 1 500 abonentin qazla təminatı nəzərdə tutulur.

 

2009-cu ildən bu günə kimi "SOCAR Georgia Gas" şirkəti tərəfindən ölkə miqyasında 4 min km qaz kəməri tikilib, nəticədə 188 mindən çox abonent qazla təmin olunub. İlin sonuna kimi 750 km uzunluğunda qaz kəmərinin çəkilişi və daha 22 min abonentin qazla təminatı planlaşdırılır.