Türkiyə-Suriya sərhədində 40 kilometrlik tıxac

14 Fevral 2014 17:37 (UTC+04:00)

Türkiyənin Suriya ilə sərhədində, Hatay vilayətinin Reyhanlı rayonunda yerləşən Cilvəgözü sərhəd-keçid məntəqəsində uzun tıxac yaranıb. Təhlükəsizlik tədbirləri səbəbindən yaranan tıxacın uzunluğu artıq 40 kilometrə çatıb. Problem Türkiyəyə məxsus TIR-ların Cilvəgözü sərhəd-keçid məntəqəsindən Suriyanın Babəl-Hava sərhəd-keçid məntəqəsinə keçərkən bufer zonasında yükün boşaldılması işçilərinin işə gəlməməsidir. 


Bundan başqa, Hələb və ətraf bölgələrdə döyüşlərin şiddətlənməsi və sərhəddəki çadır düşərgələrindəki bəzi problemlərdən dolayı fevralın 10-da TIR-ların keçidi müvəqqəti olaraq dayandırılmışdı. Yalnız ölkələrinə getmək istəyən suriyalıların sərhəddən keçməsinə icazə verilir. 


Bir həftədir tıxacda gözləyən TIR sürücüləri oğurluq hallarının baş alıb getməsindən şikayətlənirlər. Türkiyə rəsmilərinin məlumatına görə, "Azad Suriya Ordusu"nun nəzarəti altında olan Babəl-Hava sərhəd-keçid məntəqəsindəki problemin aradan qaldırılması üçün işlər görülür.