Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi başlayır
14 Fevral 2014 19:35 (UTC+04:00)
Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi
başlayır. Movqe.az-ın Ali Məhkəmənin rəsmi saytına istinadən
verdiyi xəbərə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
Onun sözlərinə görə, "Elektron məhkəmə" informasiya sisteminin
yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin
Sərəncamını məhkəmə sistemində inqilabi islahat adlandırmaq olar:
"Mən bu sənədlə nəzərdə tutulan dəyişiklikləri əhəmiyyətinə görə
1990-cı illərin sonu, 2000-ci illərin əvvəlindəki məhkəmə-hüquq
islahatları ilə müqayisə edərdim. Yaxın illərdə biz ədalət
mühakiməsinin keyfiyyəti və texniki imkanlar baxımından tamamilə
yeni məhkəmələrin şahidi olacağıq. Nəzərdə tutlan yeniliklər, ideya
və prinsiplər məhkəmələrin fəaliyyətinin yeni standartlarını
yaradacaq. Ümumilikdə, elektron məhkəmə sisteminin yaradılması
"ASAN Xidmət"in fəaliyyət prinsiplərinin məhkəmələrin işində də
tətbiqinə imkan verəcək. İnformasiya texnologiyalarının tətbiqi
insanların məhkəməyə yeni və daha rahat üsullarla müraciət etmək
imkanını yaratmaqla yanaşı, həm də məhkəmələrdə süründürməçilik,
sui-istifadə və digər neqativ halları, vaxt itkisini tamamilə
aradan qaldırılacaq, ən başlıcası isə məhkəmələrin fəaliyyətini tam
şəffaf edəcək".
Ali Məhkəməsnin sədri qeyd edib ki, yaradılmış telekommunikasiya
infrastrukturunun, müxtəlif dövlət xidmətlərinin həyata
keçirilməsində informasiya texnologiyalarının tətbiqi təcrübəsinin
təhlili göstərir ki, məhkəmə sistemində yeni texnologiyalardan
istifadə edilməsi üçün ilkin şərtlər artıq mövcuddur və bu prosesi
daha da genişləndirmək lazımdır. R.Rzayev bildirib ki, Prezidentin
Sərəncamı ilə məhkəmələrin fəaliyyətində müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən
"Elektron məhkəmə" informasiya sistemi yaradılması nəzərdə tutulur:
"Vaxtilə üçpilləli məhkəmə sisteminin yaradılması üçün yeni Cinayət
Prosessual, Mülki-Prosessual Məcəllələr və digər fundamental hüquqi
sənədlər qəbul edilmişdi. Yeni elektron məhkəmə sisteminin
qurulması da prosessual qanunvericiliyə mühüm dəyişikliklərin
edilməsini və normativ-hüquqi bazanın informasiya
texnologiyalarının tətbiqinə uyğunlaşdırılmasını şərtləndirir.
İnformasiya sistemi fiziki və hüquqi şəxslərin məhkəmələrə
müraciətlərinin, iddia ərizələrinin, müxtəlif məhkəmə
instansiyalarına şikayətlərin elektron formada qəbul edilməsinə
şərait yaradacaq. Yəni müraciət edənlərin şəxsən məhkəməyə gəlmək
və ya zaman itkisinə səbəb olan poçt xidmətlərindən istifadə etmək
zərurəti aradan qalxacaq. Istənilən şəxs kompüter arxasında ərizəni
tərtib edərək düyməni sıxdığı anda sənəd ünvanına çatdırılmış
olacaq. Bu insan hüquqlarının müdafiəsi mexanizmlərinin əhaliyə
daha da yaxınlaşması deməkdir".
Məhkəmənin sədri xüsusilə vurğulayıb ki, sistem məhkəmələrdə
baxılan bütün işlər üzrə icraatın elektron qaydada aparılmasını
təmin etməlidir: "Bunu mülki iş üzrə nümunə əsasında izah etmək
istərdim. Belə ki, ilkin mərhələdən, yəni məhkəməyə iddia ərizəsi
təqdim olunduğu andan bütün sənədlər elektron qaydada tərtib
olunur, bütün prosessual sənədlər elektron formatda yazılır,
ifadələr elektron daşıyıcılara qeyd olunur, tərəflər vəsatətləri və
şikayətləri informasiya texnologiyalarından istifadə etməklə,
elektron poçt vasitəsilə göndərir və qəbul edir. Bu isə məhkəmə
prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin
fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər
sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcək. İstənilən
halda həmin sənədlər elektron daşıyıcılardan kağıza köçürülə
biləcək. Məhkəmə proseslərinin audio, video və digər texniki
vasitələrdən istifadə etməklə qeydə alınması və prosesi onlayn
rejimdə müşahidə etmək imkanının yaradılmasının nə olduğunu
təsəvvür edin. Hal-hazıradək prosesin sənədləşdirilməsi onun kağız
daşıyıcıda protokolun tərtib olunması vasitəsilə həyata keçirilidi.
Yeni sistem bizə imkan verəcək ki, proses elektron qaydada qeydə
alınsın və proses iştirakçıları tərəfindən onlayn rejimdə, yaxud
daha sonra izlənilsin. Bu isə, proses iştirakçılarına məhkəmə
baxışının elektron yazısına istinad etmək imkanı verəcək, baxışın
heç bir hissəsinin diqqətdən kənarda qalmasına imkan verməyəcək.
Məhkəmə işçiləri tərəfindən protokolun bilərəkdən və ya
ehtiyatsızlıqdan yanlış tərtib olunmasını qeyri-mümkün edəcəkdir.
Vətəndaşların hüquqlarının səmərəli müdafiə edilməsi üçün effektiv
vasitə qismində çıxış edəcəkdir".
Onun sözlərinə görə, məhkəmə çağırışlarının və bildirişlərin,
habelə qəbul olunmuş qərarların və digər sənədlərin elektron
qaydada, yəni elektron poçt, mobil telefonlara göndərilən SMS
məlumatlar, digər üsullarla göndərilməsi imkanı qərarların və digər
prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət
etmək hüququnun pozulması iddialarını birdəfəlik aradan qaldırmış
olacaq. Nə bəzi proses iştirakçıların qərarın onlara
çatdırılmadığını bəhanə gətirə bilməyəcək, nə də bəzi hakimlər
sənədlərin göndərilməsində süründürməçiliyə yol verə bilməyəcəkdir:
"Sözsüz ki, bütün yeni texnoloji imkanların məhkəmələrdə təmin
edilməsi mürəkkəb və uzunmüddətli prosesdir, müvafiq proqram
təminatı hazırlanmalı, məhkəmələr müvafiq texnologiya ilə təmin
edilməlidir, mütəmadi treyninqlər təşkil olunmalıdır və s.
Qarşımızda olan iş həcmi böyükdür, lakin cənab Prezidentin bu
sahədə göstərdiyi iradə bizə əlavə güc verəcək və işlərin
sürətləndirilməsinə təkan olacaqdır".
R.Rzayev əlavə edib ki, informasiya sistemi məhkəmədə işlərin təyin
olunduğu vaxtlar, proseslərin aparılacağı yer (məhkəmə zalları) və
müvafiq hakimlər barədə məlumatların hər bir proses iştirakçısının
sərbəst şəkildə əldə edə biləcəyi aşkar və sistemli şəkildə
çatdırılması üçün elektron cədvəllərin tərtib olunmasına şərait
yaradacaq. Proses iştirakçılarının vaxtlarını səmərəli təşkil
etməyə və prosesin vaxtı barədə məlumatlandırılmama ilə əlaqədar
yaranan mübahisələrin qarşısını almağa imkan verəcək.
Qanunvericilik məhkəmələrdə işlərin hakimlər arasında obyektiv
əsaslarla və bərabər şəkildə bölünməsini nəzərdə tutsa da, bəzi
hallarda insanlar işlərin hakimlərə verilməsində qərəzliliyin
olduğundan şikayət edirlər. Yeni sistem məhkəməyə daxil olan
işlərin hakimlər arasında insan faktorunu istisna edən şəraitdə,
avtomatlaşdırılmış bölgüsünün aparılmasını təmin edəcək: "Sistem
xüsusi şəkildə proqramlaşdırılaraq prosessual müddətləri
hesablayacaq və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici
məlumatlar verməklə müddətlərə riayət olunmasına nəzarət etməyə
imkan verəcək. İnformasiya sistemində hər bir proses iştirakçısı
üçün "şəxsi kabineti"in yaradılması imkanı nəzərdə tutulmuşdur.
Informasiya sistemi daxilində yaradılmış "şəxsi kabinet"lər
vasitəsilə həm şəxsin iştirakçısı olduğu məhkəmə prosesinin gedişi
və çıxarılan qərarlar barədə olduğu məkandan asılı olmayaraq
operativ məlumat almaq imkanı təmin ediləcək, həm də
konfidensiallıq qorunacaq, yəni şəxsi xarakterli məlumatların
yayılmasının qarşısı alınacaqdır".
Onun fikrincə, Prezident İlham Əliyev "Elektron məhkəmə"
informasiya sisteminin digər dövlət qurumlarında formalaşdırılan
informasiya sistemləri ilə və "Elektron hökumət" portalı ilə
inteqrasiya edilməli olduğunu qeyd etməklə özünün Azərbaycanda olan
bütün dövlət orqanlarının fəaliyyətinə dair strateji baxışını
göstərir. Məqsəd bütün dövlət qurumlarının vahid informasiya
cəmiyyətində tam şəffaf, obyektiv və səmərəli şəkildə xalqa xidmət
edən bir sistemin yaradılmasıdır.