Azərbaycan İsraildən daha müasir hərbi texnika alacaq

15 Fevral 2014 07:45 (UTC+04:00)

Məlum olduğu kimi, Azərbaycan və İsrail arasında hərbi sahədə də əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Bu fonda yayılan məlumata görə, İsrailin "Israel Aerospace Industries" dövlət şirkəti su üzərində patrul keşiyi apara biləcək "Katana" adlı robot hazırlayıb. Bu robot dəniz platformalarında, hərbi dəniz bazalarında patrul keşiyi apara, radioelektron mübarizədə fəal iştirak edə bilər.

Azərbaycanın artıq "Katana"ya maraq göstərməsinə dair məlumatlar dolaşmaqdadır.

Hərbçi ekspert Üzeyir Cəfərov qeyd edir ki, bu, İsrail istehsalı olan suüstü nəzarət-patrul robotdur: "Bu robot pilotsuz uçuş aparatlarının bənzəridir. Suda istifadə edilir, məsafədən idarə olunur. Dəniz sərhədlərində suüstü hədəfləri müəyyən edir. Onların hansı dövlətə məxsus olması, öz sərhədləri ərazisində hərəkət etməsini müəyyənləşdirir, onları müşayiət edir. Lazim gələrsə, hətta, onu ələ keçirmək imkanları da var. Azərbaycan öz hərbi dəniz qüvvələrində, dəniz platformasında su hövzələrini qorumaq üçün İsrail istehsalı olan robotdan istifadə etməyi nəzərdə tutub. Ümumiyyətlə, Azərbaycan ilə İsrail hərbi sənaye sahəsində uzun illərdir əməkdaşlıq edir. Bütün bunlar cənub qonşumuzda təbii ki, qısqanclıqla qarşılanacaq. Onsuz da Azərbaycan ilə İsrail hərbi əməkdaşlığına qarşı İran həmişə qıcıqla yanaşıb. Ancaq bu, Azərbaycanın haqqıdır. Çünki son vaxtlar Xəzər dənizində bütün ölkələr tərəfindən aktivlik müşayiət olunmaqdadır. Amma addımımız qonşularımızda qıcıq yaratmamalıdır. Bu, Azərbaycanın suveren hüququdur. Necə ki, İranın da Ermənistan ilə sıx əlaqələri mövcuddur. Azərbaycan da İsrail ilə hərbi sahədə əməkdaşlığını genişləndirə bilər. Yəqin, yaxın vaxtlarda həmin patrul robot "Katana" Azərbaycan tərəfindən əldə olunacaq. Hətta, ola bilsin ki, bu robotlar ARDNŞ və Dövlət Sərhəd Xidmətində istifadə edilsin. Çünki nəzərə almaq lazımdır ki, robotun çoxprofilli hərəkət imkanları var".

Digər hərbçi ekspert Tərlan Eyvazov bildirdi ki, Azərbaycan sülhsevər ölkədir: "Həmin robotları hücum məqsədi üçün əldə etməyə çalışmır. Çünki Xəzər dənizində transmilli şirkətlərlə iş birliyini ən birinci biz etmişik. Apardığımız siyasət nəticəsində digər Xəzəryanı ölkələr üçün də yol açmışıq. Odur ki, Azərbaycanın atacağı hansısa bir addım həmin transmilli şirkətlərlə ortaq olan layihələrin qorunması üçündür. Digər tərəfdən, Azərbaycan yenə də TANAP layihəsinə imza atdı. Azərbaycan və beynəlxalq şirkətlərlə birgə belə bir nəhəng layihə ərsəyə gəlməkdədir. Yəni, patrul robotlar alınacaqsa, yalnız həmin layihələrin qorunması və təhlükəsizliyi üçün ola bilər. Bu da beynəlxalq şərtlərə uyğundur. Azərbaycanın İsraillə hərb sahəsində əməkdaşlığı kontekstində bu robotların alınması real görünür. Bilirik ki, Azərbaycanın bəzi Xəzəryanı ölkələrlə ziddiyyətləri var. Bu fonda patrul robotların alınması zəruridir".