ABŞ İranı Musəvi və Kərrubini azadlığa buraxmağa çağırıb

15 Fevral 2014 20:25 (UTC+04:00)
ABŞ Dövlət Departamenti İran müxalifətinin liderləri sayılan Mirhüsey Musəvi, onun həyat yoldaşı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin ev dustaqlığında saxlanılmasının üçüncü ildönümü ilə bağlı bəyanat yayıb.
Movqe.az-ın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, sənəddə həmin şəxslərin 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz etdiklərinə görə həbs olunmasının dünya ictimaiyyətinin narazılığına gətirib çıxardığı, onların ailələrinə təzyiqlər göstərildiyi vurğulanıb, İran hökumətindən bu "vicdan məhbusları"nı azadlığa buraxmaq istənilib. Bəyanatda həmçinin bildirilib ki, İran Konstitusiyası, qanunlar və beynəlxalq öhdəliklər tutulmuş şəxsin ən azı ədalətli mühakiməsi üçün ölkə vətəndaşlarına zəmanət verir: "Ancaq özbaşına həbslər buna xələl vurur". ABŞ Dövlət Departamenti İranı bir daha üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və bütün "vicdan məhbusları"nı azadlığa buraxmağa çağırıb. Qeyd edək ki, Almaniya hökuməti və "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) da İrandan hər üç şəxsi sərbəst buraxmağı tələb edib. Xatırladaq ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılırdı. Ancaq bu günlərdə M.Kərrubi Tehran şəhərinin Çəmran məntəqəsindəki evinə köçürülüb və mənzilinin birinci mərtəbəsində mühafizə dəstəsi yerləşdirilib. Ona yalnız yerli telekanallara baxmaq icazəsi verilib. M.Kərrubi peyk televiziyalarına baxa, internet və telefondan istifadə edə bilməz. İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında deyib ki, M.Musəvi və M.Kərrubi tövbə etməyəcəkləri təqdirdə onların işində heç bir irəliləyiş baş verməyəcək.