"Sovetski"də yaşayış sahələrinin hər kvadratına görə nə qədər pul ödəniləcək?
17 Fevral 2014 20:20 (UTC+04:00)
"Sovetski" sakinləri söküntü işləri ilə bağlı sabah Yasamal rayon
icra başçısı ilə müzakirə aparacaqlar.
Qərar "Sovetski" kimi tanınan qəsəbə sakinlərindən ibarət təşkilat
komitəsinin, Köçürmə komissiyanın sədri Səməd İslamovla bu gün
keçirdiyi görüşdən sonra verilib. Vaxt qısa olsa da "Sovetski"
sakinləri icra başçısına ünvanlamaq üçün təkliflər paketi
hazırlayıblar. Təşkilat komitəsinin sədri, Namiq Quliyev: "Biz
sakinlərin təklifini irəli sürürük. Evi balaca olanlara ev
verilsin. Daha demirik ki, bu adamın bir otağı varsa, ona 7 otaq
verin. Biz deyirik ki, əgər bunun 15 kvadrat metr ərazisi varsa,
buna bir otaqlı ev versinlər. Evi böyük olanların da evinin təmirli
olması, təmirsizliyi nəhərə alınsın."
Koçürmə komissiyası isə istənilən narazı vətəndaşı dinləməyə
hazırdır. Komissiyasının sədri Səməd İslamov indidən vəd edir ki,
bu məsələdə heç kim onlardan narazı qalmayacaq.Yasamal RİH
başçısının birinci müavini, Səməd İslamov: "Biz insanları
dinləməyə, onların problemini həll etməyə hazırıq. Bu problemləri
biz bilirik. Həftəniin 6- günü Cəfər Cabbarlı küçəsi 12-də
komissiya üzvləri onları qəbul edirlər. Sakinləri dinləyirlər."
Bu günə kimi 2400-ə yaxın evdə ölçmə işləri aparılaraq
qiymətləndirilib. 55 sakinin pulu bank hesabına köçürülüb.
Kompensasiya olaraq sakinlərə yaşayış sahələrinin hər kvadratına
görə 1500 manat pul ödənilir. Kompensasiyaya razı olan sakinlərin
köçməsinə yardım etmək məqsədi ilə əlavə 1000 manat pul və iki ay
vaxt da veriləcək. Sökülən ərazilərdə şəhərin baş planına əsasən
istirahət parkı salınacaq. İcra rəsmiləri həmin ərazidə hər hansı
bir yaşayış binasının tikiləcəyi ilə bağlı fikirləri təkzib edərək
sözügedən ünvanda yalnız sosial obyektlərin salınacağını deyir.