Mobil operatorlar endirim kampaniyalarına start verəcək-Özəl

18 Fevral 2014 16:04 (UTC+04:00)

Respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidmətinin fəaliyyətə başlaması ilə əlaqədar mobil operatorlar tərəfindən qiymətlərdə endirim kampaniyaları tətbiq edilə bilər. Bu barədə Movqe.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi- Tənzimləmə şöbəsinin aparıcı məsləhətçi Zakir Qasımov məlumat verib. Z. Qasımov bildirib ki, artıq abonentlərdən digər mobil operatorların xidmətinə keçməklə bağlı onlarla müraciətlər daxil olmaqdadır: "Yəqin ki, mobil operatorlar daha çox müştəri cəlb etmək üçün endirim kampaniyaları  edəcəklər. Rəqabət mühiti yarandıqdan sonra mobil rabitə qiymətlərində endirim müşahidə olunacaq". 

Z. Qasımov nömrədaşınma xidmətindən bəzi abonentlərin yararlanmaq imkanının məhdud olduğunu da təsdiqləyib. Onun sözlərinə görə, bir mobil operatorun xidmətindən 3 ay ərzində istifadə etməyən abonentləri digər mobil operator qəbul etmir: "Amma üç aydan artıq hansısa mobil operatorun müştərisi olanlar nömrədaşınma sistemi vasitəsilə digər mobil operatorun xidmətinə qoşula bilərlər. Bu cəmi 6 gün müddətində reallaşır. Qeyd edək ki, fevralın 1-dən etibarən respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidmətinin fəaliyyətə başlanılıb.  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Movqe.az-a verilən məlumata görə, bununla əlaqədar normativ hüquqi sənədlər qəbul edilmiş, xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıqlar, yəni həm mərkəzi baza sistemi avadanlıqları, həm də mobil operatorların şəbəkələrində tələb olunan avadanlıqlar quraşdırılıb, mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılıb, aidiyyəti müqavilələr bağlanılmış və müvafiq test-sınaq işləri həyata keçirilərək müvəffəqiyyətlə başa çatdırılıb. Bu xidmət sayəsində mobil rabitə abonentləri operator tərəfindən onlara satılan prefiksləri (050,051,055, 070, 077) dəyişmədən bir operatordan digərinə keçə biləcəklər. Bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu və nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə xidmət göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır. Qeyd olunan xidmətin respublikamızda ilk dəfə tətbiq edildiyi və bununla bağlı abunəçilərin xidmətə olan maraqları nəzərə alınaraq, mövcud şəbəkələr və müştəri xidmətlərinin tam hazırlıq vəziyyətinə gətirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən aidiyyəti operatorlara müvafiq tapşırıqlar verilmişdir. Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.