“Casus siyahısı”na vitse-spikerdən sərt reaksiya
18 Fevral 2014 18:54 (UTC+04:00)
"Öz ölkəsində kimlərisə dövlət qurumları ilə
hansısa bir əməkdaşlığa görə suçlamaq və bunu casusluq kimi qələmə
vermək heç bir çərçivəyə sığmır".
Bunu AzNews.az-a
açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova
"virtualaz.org" saytında gedən "Tam məxfi: ABŞ kəşfiyyatçıları və
Xədicə İsmayılovanın casus hesabatı" adlı məqaləyə münasibət
bildirərkən deyib. O deyib ki, bu məsələ xüsusi araşdırma tələb
edir.
Bu isə hüquq-mühafizə orqanlarının səlahiyyətindədir: "Bununla
əlaqədar ciddi açıqlama verəcəyimə ümid etmirəm. Artıq cinayət işi
qaldırılıb və araşdırmanın nəticəsini gözləməliyik. Burada
müxalifət düşərgəsində olan adamların, həm də özünü azad mətbuat
nümayəndəsi kimi qələmə verənlərin iştirakı açıq-aşkar
görünür".
B. Muradova qeyd edib ki, kimlərinsə Azərbaycan iqtidarına casusluq
etməsində günahlandırılması düzgün deyil: "Maraqlıdır ki, bəziləri
xarici dairələrlə bağlılığını gizlətmir, hətta bundan qürur
duyurlar. Belələri isə öz dövlətinə, xalqına, onun mənafeyinə
xidmət edən insanlara belə damğa vurmağa çalışırlar. Hesab edirəm
ki, belə hərəkət qəbulolunmazdır".
Qeyd edək ki, virtualaz.org saytında Eynulla Fətullayevin müəllifi
olduğu "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın
casus hesabatı" adlı məqalədə ölkənin bir sıra tanınmış müxalifət
yönümlü media və ictimai xadimlərinin hakimiyyətlə əməkdaşlığı ilə
bağlı məqamlar yer alıb.