Fevralın 18-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində
Monako Knyazı II Albert ilə görüşüb. Movqe.az xəbər verir ki,
Monako Knyazı II Albert, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzi
gəzmişlər. Monako Knyazının diqqətinə çatdırılmışdır ki, Mərkəzdə
xalqımızın Ümummilli Liderinin xatirəsinin əbədiləşdirilməsi
məqsədi ilə yaradılan muzey təşkil olunarkən burada Azərbaycan
tarixinin və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin
müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilmişdir.
Burada toplanılan məlumatlar ziyarətçilərə interaktiv formada
çatdırılır. Muzeyin müxtəlif bölmələrində Ulu Öndərin həm sovet
hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi
fəaliyyət konsepsiyasının ayrı-ayrı aspektləri virtual formada
təqdim edilir. Bu, muzeyin orijinallığını daha da artırır.
Dizaynına və tətbiq olunan yeni texnologiyaya görə fərqlənən muzey
Heydər Əliyev Mərkəzinin modern üslubu ilə həmahənglik təşkil edir.
Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər də açılmışdır.
Burada xalqımızın tarixini və mədəniyyətini əks etdirən "Azərbaycan
inciləri" ekspozisiyasında ölkənin tükənməz təbii sərvətlərinə,
çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş
olunur. Monako Knyazı II Albert Mərkəzdə "Bakıya uçuş. Müasir
Azərbaycan incəsənəti" sərgisi ilə də tanış olmuşdur. Heydər Əliyev
Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması
istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyət
daşıyan bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin sintezini
təcəssüm etdirən müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı
kimi də qiymətləndirmək olar. Mərkəzlə tanışlıqdan sonra
Azərbaycanın birinci xanımı və Monako Knyazı II Albertin görüşü
olmuşdur. Görüşdə 2015-ci ildə keçiriləcək birinci Avropa
Oyunlarına hazırlıq, Heydər Əliyev Fondunun mədəniyyət və təhsil
sahələrində gördüyü işlər, birgə konsertlərin keçirilməsi, Heydər
Əliyev Mərkəzində şahzadə Qreysin sərgisinin təşkili məsələləri
müzakirə edilib.Azərbaycanda məşhur maestro Mstislav Rostropoviçin
xatirəsinə həsr olunmuş ənənəvi musiqi festivalından xəbərdar
olduğunu deyən Monako Knyazına tanınmış rəssam Altay Sadıqzadənin
"Bakı" və "Monako" adlı
əsərləri hədiyyə edilib.