Azərbaycan İranla iqtisadi əlaqələrin inkişafında maraqlıdır

19 Fevral 2014 10:22 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov dünən axşam iranlı həmkarı Əli Laricani ilə görüşüb. Movqe.az-ın məlumatına görə, bu barədə İSNA agentliyi bu gün səhər xəbər yayıb.

Məlumata əsasən, Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatının İslam Parlamentlərarası Birliyinin (IIPU) 9-cu iclası çərçivəsində baş tutan görüşdə İran və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycan İranla iqtisadi əlaqələrin inkişafında maraqlıdır.

O.Əsədov İran və Azərbaycan parlamentləri arasında əlaqələrin inkişafı üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin artırılmasının zəruriliyini vurğulayıb.

Görüşdə həmçinin Ə.Laricani deyib ki, İran və Azərbaycan arasında əlaqələrin inkişafı hər iki ölkə üçün önəm daşıyır: "Azərbaycan və İran arasında siyasi və parlamentlərarası əlaqələrin inkişafı ilə yanaşı, hər iki ölkə bütün imkanlardan ticari və iqtisadi əməkdaşlıqların inkişafı üçün də istifadə etməlidir".

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatın İslam Parlamentlərarası Birliyinin (IIPU) rəhbərlərinin 9-cu iclası dünən səhər Tehranda öz işinə başlayıb. İclas bu gün başa çatacaq. İclasda 47 ölkədən nümayəndə heyəti, o cümlədən 26 parlament sədri iştrak edir.