Nadirin bu arzusu da çin oldu - VİDEO

19 Fevral 2014 13:30 (UTC+04:00)

Müğənni Nadir Qafarzadə Azərbaycan caz musiqisinin banisi Vaqif Mustafazadə xatirəsinə "Qurban belə gəlinə" adlı mahnı ifa edib. N.Qafarzadə sözləri Aşıq Əhlimana, musiqisi Vaqif Mustafazadəyə məxsus olan mahnıya müraciət etməsinin təəssüratlarını  Movqe.az-la bölüşdü:

"Hər zaman unudulmaz sənətkarlarımızın sevilən əsərlərinə müraciət edirəm. Bu günə qədər bir çox yeniliklər etmişəm. Klassik əsərlər, xalq mahnıları, gənc bəstəkarlarla yanaşı türk xalq musiqisinin də sevilən mahnılarını repertuarıma daxil etmişəm. Amma Vaqif Mustafazadə bəstəsinə müraciət etməyimsə çoxdankı arzum və istəyim idi. Şükürlər olsun ki, arzu, istəyimə çatdım. O, Azərbaycan musiqisi adına bir çox yeniliklər edib. Bu danılmazdır. Martın 16-ı isə ölməz sənətkarın yubileyidir. Məhz onun ruhunu şad etmək üçün ad günü öncəsi belə bir addım atdım".

Qeyd edək ki, V.Mustafazadə 1940-ci il martın 16-da İçəri şəhərdə dünyaya gəlib və 1979-ci ildə (39 yaşında) Özbəkistanda dünyasını dəyişib. Ölməz sənətkar Azərbaycan caz musiqisi və caz muğamının banisidir.