Nazir Yüksək Texnologiyalar Parkında
19 Fevral 2014 13:07 (UTC+04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov nazirliyin tabeliyində yaradılan Yüksək Texnologiyalar
Parkının ("YT Park") fəaliyyəti ilə tanış olub. Movqe.az-ın
nazirliyin saytına istinadən verdiyi məlumata görə, "YT Park"-ın
yerləşdiyi ofisə keçirilən baxışdan sonra təsisatın gələcək inkişaf
planları üzərində qurulan təqdimatın nümayişi
olub. Qeyd edilib ki, artıq "İASP"-yə
(International Association of Science Parks and Areas of
Innovation) üzv olan Yüksək Texnologiyalar Parkının
formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq
təcrübənin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi üçün danışıqların aparılması və digər təşkilati
məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Həmçinin
Azərbaycan bazarının ehtiyac və tələbatına uyğun layihələrin
gündəmə gətirilməsi, bu layihələrin iqtisadi sektora təsirinin
qiymətləndirilməsi, biznes transferi üzrə imkanlar və s. sahələrdə
ciddi təhlilə əsaslanan araşdırmaların aparıldığı
vurğulanıb. Tədbirdə Yüksək
Texnologiyalar Parkının ilk layihələrindən biri - biznes
inkubasiyası mərkəzi olan "Pi Campus"a müraciətlərin qəbulunun
artıq başlandığı, bu müraciətlərin sayının hazırda 20-yə çatdığı,
mərkəzə təqdim edilən texnologiya yönümlü, innovativ layihələrə
dövlət tərəfindən göstərilən dəstəyin təmin ediləcəyi haqda da
məlumat verilib. Eyni zamanda hazırda "YT Park"ın ofisində yeni
yaranan "start-up"-ların fəaliyyətə başladığı, müvafiq treninqlərin
təşkilinin davam etdirildiyi bildirilib. Həmçinin parkın
fəaliyyətinin ölkədə elmi-texniki araşdırmaların, kiçik və yeni
şirkətlər tərəfindən aparılan riskli, amma perspektivli
yeniliklərin tətbiqində önəmli rolu olan mexanizmin - vençur
maliyyələşdirməsinin daxili bazarda canlanma yaradacağı da
vurğulanıb. Müzakirələrlə davam edən tədbirdə nazir Ə.Abbasov "YT
Park"ın gələcək fəaliyyətinin daha səmərəli təşkili, ölkə üçün
mühüm əhəmiyyət kəsb edən layihələrə dəstək verilməsi istiqamətində
tövsiyələrini bildirib. Daha sonra
"Yüksək Texnologiyalar Parkı"nın kollektivi ilə görüşən nazir
beynəlxalq texnopark təcrübəsi və onların fəaliyyətinin qlobal
iqtisadiyyata təsirindən söz açıb. Bu baxımdan ölkəmizdə yeni
iqtisadi modelin və mühitin formalaşdırılması, o cümlədən
iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin
artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan
informasiya və kommunikasiya texnologiyaları sahələrinin
genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni
informasiya texnologiyalarının işlənilməsi üzrə müasir
komplekslərin yaradılmasının təmin edilməsində Yüksək
Texnologiyalar Parkının üzərinə böyük vəzifələrin düşdüyünü qeyd
edib.