Məcburi köçkünlərin 200 min manatını mənimsəyən şəxs Türkiyəyə qaçıb
19 Fevral 2014 14:14 (UTC+04:00)
"Təəssüf ki, son vaxtlar ölkənin bəzi
bölgələrində, həmçinin Bakıda dələduzlar peyda olub və onlar qaçqın
və məcburi köçkünlərə istiqamətləniblər". APA-nın məlumatına görə,
bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli
Həsənov deyib.
Ə. Həsənov bildirib ki, bir neçə dəfə KİV
vasitəsilə qaçqınlara və məcburi köçkünlərə xəbərdarlıq edib: "Bu
günlərdə Gəncədə bir məcburi köçkün mənzil əldə etmək üçün binanın
damına çıxıb intihara cəhd etmək istəyib. Mənzil əldə etmək üçün
özünü yandırmaq kimi meyllər ortaya çıxıb. Mən bir daha xəbərdarlıq
etdim ki, bu yolla mənzil almaq mümkün deyil. Qeyri-qanuni yolla
insanları yataqxanalara yerləşdirirlər ki, bunlar mənzil alsın.
Ancaq biz bu cür ədalətsizliyə yol verə bilmərik. Bizdə siyahılar
var və biz bilirik ki, orda 20 il yaşayanlar
kimdir".
Dövlət komitəsinin sədri misal kimi kəlbəcərli
köçkünün işğaldan bir neçə il əvvəl Azərbaycanın digər bölgəsinə
gəlib yaşamasını göstərib: "Bir il bundan əvvəl Kəlbəcər rayon İcra
Hakimiyyətinin bəzi işçiləri qanunsuz yolla bu şəxsi qeydiyyata
salırlar ki, ev alsın. Bu yaxınlarda qəbuluma məcburi qaçqın olan
qadın gəlib və bildirib ki, 44 nəfər məcburi köçkündən dələduzlar
370 min manat toplayıb. Bunların hamısı Ağdamdan olan məcburi
köçkünlərdir. Bəlli olanda ki, bu iş dələduzluqdur, həmin şəxs
pulun 170 min manatını qaytarıb, qalan pulu ödəyə bilmədiyindən
Türkiyəyə qaçıb. Bu cür halların hamısına son
qoyulacaq".
Ə. Həsənov 7-8 rayonda məcburi köçkünlərin evlə
təmin olunması üçün tikinti işləri aparıldığını söyləyib: "Ağdamda
çox böyük bir qəsəbə tikilir. Bundan başqa, Göygöl, Beyləqan,
Saatlı, Füzuli rayonlarında da tikinti işləri davam etdiriləcək.
İlin sonuna 4 min ailə, 20 mindən çox məcburi köçkün yeni
mənzillərə köçürüləcək. Bakı və Abşeron ərazisində 2 il müddətində
tikinti olmayacaq. Qobu bələdiyyəsindən 500 hektar ərazi
götürmüşük, gələcəkdə 80 minə yaxın əhali ora yerləşəcək. Gələn il
onun sosial-texniki infrastrukturunu hazırlayacağıq. 2016-cı ildə
artıq orda yaşayış binaları tikilməyə başlanacaq".