Məleykə Abbaszadə Əli İnsanovun ittihamlarına cavab verib

19 Fevral 2014 17:51 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesində onun ünvanına səsləndirdiyi ittihamlara və məhkəmədə dindirilməsinin vacibliyi barədə söylədiyi fikirlərə münasibət bildirib.


APA-nın xəbərinə görə, TQDK sədri jurnalistlərə açıqlamasında deyib ki, bununla əlaqədar heç bir açıqlama verməyəcək: "Çünki bununla məhkəmə, istintaq məşğul olur. Bu məsələ ilə əlaqədar TQDK-ya nə sorğular daxil olubsa, hamısını rəsmi şəkildə cavablandırmışıq. Mənə elə gəlir ki, bu, hüquq-mühafizə orqanlarının işidir. Onlar bütün məsələlərə aydınlıq gətirməyə qadirdirlər".

 

Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov məhkəməsində bildirib ki, Məleykə Abbaszadə onun barəsində MTN-ə həqiqətə uyğun olmayan məlumatlarla məktub göndərib. Ona görə də Abbaszadə və həmin sahəyə nəzarət edən Fatma Abdullazadə məhkəmədə dindirilməlidir. Ə. İnsanov onu da əlavə edib ki, cəmi 12 bal toplamış şəxsin Tibb Universitetinə hansı əsasla qəbul edildiyi barədə M. Abbaszadəyə sualı var.