Misir Mərdanov İtaliyada səfərdə olub
10 İyun 2012 12:01 (UTC+04:00)
Bu il 4 – 6 iyun tarixlərində təhsil naziri Misir
Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın təhsil və
tədqiqatlar naziri professor Françesko Profumonun dəvətilə bu
ölkədə rəsmi səfərdə olub.
Azərbaycanın İtaliyadakı səfirliyindən lent.az-a
verilən məlumata görə, nazir Avropanın ən böyük universitetlərindən
olan "La Sapienza"da olub, rektor Luici Frati ilə görüşüb,
universitetlə Azərbaycan ali məktəbləri arasında əməkdaşlığın
inkişaf perspektivlərini müzakirə edib.
Görüşdə birgə layihələr nəzərdən keçirilib, bu
ilin sonuna qədər Bakı və Romada bir sıra tədbirlərin təşkil
olunması ilə bağlı razılıq əldə edilib.
Naizr italiyalı həmkarı Françesko Profumo ilə
görüşündə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksək
səviyyədə olduğunu vurğulayıb, Azərbaycanda təhsilin inkişafına
ölkə rəhbərliyinin diqqətindən bəhs edib.
Görüşdə Azərbaycanın təhsil ocaqlarında İtaliyan
dilinin tədris olunması, təhsil ocaqları arasında əlaqələrin
qurulması, iki ölkə arasında tələbə və müəllim mübadiləsinin
inkişafı məsələləri müzakirə olunub. M. Mərdanov F. Profumonu
Azərbaycana səfərə dəvət edib.
Nazir F.Profumo təhsil sahəsində geniş əməkdaşlıq
əlaqələrinin təşkili və inkişafı istiqamətində səylərini
əsirgəməyəcəyini bildirib.
Nazir İtaliyada təhsil alan bir qrup azərbaycanlı
tələbə ilə də görüşüb. Nazir prezident İlham Əliyev tərəfindən
təsdiq edilmiş xaricdə Azərbaycan gənclərinin təhsili haqqında
proqramının uğurla həyata keçirilməsi haqda geniş məlumat verib,
xaricdə təhsil alan tələbələrin yaşadıqları ölkələrdə Azərbaycan
haqqında məlumatın və biliklərin yayılması işində əhəmiyyətli
rolunu qeyd edib.
M.Mərdanov İtaliya Senatının təhsil, elm və
mədəniyyət daimi komissiyasının sədri, Senatın YUNESKO ilə
əməkdaşlıq qrupunun əlaqələndiricisi senator Quido Possa və
komissiya üzvlərilə də görüşüb.
Görüşdə İtaliya Senatının Avropa İttifaqı siyasəti
üzrə daimi komissiyasının sədri, İtaliya-Azərbaycan parlament
dostluq qrupunun sədri xanım Rozanna Boldi iştirak
edib.
Nazir "Dante Aliqyeri" Cəmiyyətinin baş katibi
Alessandro Mazi ilə görüşüb. Görüşdə A.Mazi Azərbaycanda öz
mərkəzinin açılması təklifini irəli sürüb.
Görüşlərdə Azərbaycan İtaliyadakı səfiri Vaqif
Sadıqov da iştirak edib.