Hərbi hissələrə baxış keçirilir
19 Fevral 2014 19:24 (UTC+04:00)
Ombudsmanın əməkdaşları hərbi hissələrə baxış keçiriblər. Ombudsman
Aparatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,
Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının rəhbərliyi ilə razılaşdırılmış plan-cədvəllərə
müvafiq olaraq, Aparatın əməkdaşlarının həmin qurumların
səlahiyyətli əməkdaşları ilə birgə hərbi hissə və müəssisələrə
başçəkmələri müntəzəm olaraq davam etdirilir. Bu günlərdə Ombudsman
Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun
müdiri F.Həsənov və həmin sektorun baş məsləhətçisi A.Hacıyev,
Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər üzrə idarəsinin
Mənəvi-psixoloji şöbəsinin və Daxili Qoşunlarının Tərbiyəvi İşlər
üzrə idarəsinin əməkdaşlarının müşayiəti ilə Müdafiə Nazirliyinin
"N" saylı hərbi hissəsində, Bakı Qarnizonu Hərbi Polisinin
hauptvaxtında, Daxili Qoşunların "N" saylı hərbi hissəsində plan
üzrə baxışlar keçiriblər. Hərbi hissələrdə şəxsi heyətlə, Bakı
Qarnizonu Hərbi Polisinin hauptvaxtında saxlanılan hərbi
qulluqçularla mövcud hərbi qanunvericilik, hərbi nizamnamələr və
insan hüquqları mövzusunda söhbətlər aparılmış və onların insan
hüquqları ilə bağlı coxsaylı sualları cavablandırılıb. Eyni zamanda
hərbi qulluqçuların insan hüquq və azadlıqlarının müdafiəsi
vəziyyəti, hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə
işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji
durumunun, həmçinin vətənə sədaqət və vətənpərvərlik hissinin
gücləndirilməsi istiqamətində aparılan işlərlə tanış olunmuş və bu
cür tədbirlərin əhəmiyyəti vurğulanıb.Hərbi hissələrdə şəxsi
heyətin mənəvi-psixoloji hazırlığının, hərbi texnikaya yiyələnmək
bacarığının, yaşayış şəraitinin, qidalanma və sağlamlığının
qorunması vəziyyətinin normal səviyyədə təşkili müşahidə edilib.
Daxili Qoşunların tabeliyində olan hərbi hissənin ərazisində
müddətdən artıq xidmətdə olan hərbi qulluqçular üçün hər bir
şəraiti olan modul tipli yataqxanaların istifadəyə verildiyi,
ailəli zabit və gizirlər üçün isə 120 mənzilli, müasir tələblərə
cavab verən 2 binanın tikintisinin başa çatdırıldığı və yaxın
günlərdə istifadəyə veriləcəyi məlum olub.
Qeyd edilən hərbi polisin hauptvaxtına baxış zamanı orada
saxlanılan hərbi qulluqçuların saxlanılmasına əsas verən sənədlərlə
bağlı, həmçinin saxlanılma şəraiti və həmin şəxslərə qarşı rəftarla
əlaqədar hər hansı qanun pozuntusu aşkar edilməyib.
Görülən işlərin daha da təkmilləşdirilməsi üçün tövsiyələr verilib.