Suriya müxalifətinə kürd mənşəli Əbdül Basset Seyda rəhbərlik edəcək

10 İyun 2012 18:13 (UTC+04:00)
Müxalifətdə olan Suriya Milli Şurasının lideri postunda istefaya getmiş Bürhan Qalyunu kürd mənşəli siyasətçi Əbdül Basset Seyda əvəz edəcək. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.

56 yaşlı Seyda bu posta yeganə namizəd olub.

"Hazırda əsas vəzifə Şurada islahatlar aparılmasıdır", deyə yeni lider bildirib. O Şuranın tərkibini genişləndirmək üçün hərəkata qoşulmayan müxalifətçilərlə danışıqlar aparacağını bəyan edib. 

Suriya Milli Şurası ötən ilin oktyabrında yaradılıb. Yaradıldığı gündən təşkilata Bürhan Qalyun rəhbərlik edib. Şuraya 230-a yaxın suriyalı siyasətçi daxildir.