Daha bir sahədə milli strategiya hazırlanacaq

20 Fevral 2014 13:50 (UTC+04:00)
Azərbaycanda müəlliflik hüquqlarının qorunması ilə bağlı milli strategiya hazırlanır. Movqe.az-ın məlumatına görə, bu barədə jurnalistələrə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. Onun sözlərinə görə, milli strategiya sənaye mülkiyyəti, əmtəə nişanları, patentlər də daxil olmaqla, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərədə tutulub. K.İmanov qeyd edib ki, 2014-cü ildə belə bir strategiya ümumiləşdirilmiş şəkildə təqdim olunacaq.Agentlik sədri əlavə edib ki, internetin açıqlığı, istifadəçilərin rəqəmləşmiş əsərlərə əlçatımlılığının təmin edilməsi, digər tərəfdən müəlliflərin və hüquq sahiblərinin hüquqlarının qorunması müəyyən ziddiyyət təşkil edir: "Bu da maraqların toqquşması, hüquqların pozulmasına səbəb olur. Odur ki, bunların hamısını bir məxrəcə gətirmək üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bütün üzv dövlətlərə müraciət edib ki, hər bir dövlət öz səviyyəsində milli qanunvericilik bazası əsasında layihələr təqdim etsin. Azərbaycan bu gün belə bir layihəni təqdim edəcək".
Onun sözlərinə görə, layihənin əsas məqsədi ondan ibarətdir ki, qanunvericilik və idarəetmə sistemi vasitəsilə rəqəmli şəbəkədə hüquqlar qorunsun.K.İmanov qeyd edib ki, bu istiqamətdə dünyada 3 variant var: "Birinci variant ondan ibarətdir ki, internetdən müəlliflik hüququ götürülsün və yalnız müəllifə istinadla sərbəst əsərlər istifadə olunsun. İkinci variant ondan ibarətdir ki, internetdə müəlliflik hüquqları ilə obyektlər sərbəst istifadə edilsinlər, lakin bu proses müəllifə müəyyən mükafatın verilməsi ilə icra olunsun. Sonuncu variant isə odur ki, qanunvericilik sərtləşdirilsin və istifadəçilərin hüquqları bir az sıxılsın. Azərbaycan bu 3 variant arasında öz təkliflərini irəli sürəcək".
K.İmanovun sözlərinə görə, Azərbaycan əsas ikinci varianta üstünülk verəcək: "Belə ki, əsərlərdən icazə almadan istifadə ediləcək, lakin hüquq sahibi və ya müəllifə qonorar və mükafatlar ödəniləcək".