Leyla Əliyevadan bəbirlərin qorunması üçün təşəbbüs
20 Fevral 2014 14:00 (UTC+04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
(International Dialogue for Environmental Action) İctimai
Birliyinin rəhbəri Leyla Əliyeva bəbir populyasiyalarının qorunması
və bərpası üzrə dünya şöhrətli mütəxəssislər-Təbiətin Mühafizəsi
üzrə Beynəlxalq Şuranın eksperti Ursom Breytenmozer və London
Zoologiya Cəmiyyətinin eskperti Kris Rensomu qəbul
edib. Onlar Leyla Əliyevanın dəvəti
ilə Bakıya gəliblər. U.Breytenmozer və K.Rensom Azərbaycanda Qafqaz
bəbirləri ilə bağlı vəziyyəti və onların sayının artırılması
yollarını öyrənəcəklər. Arzu Əliyevanın da iştirak etdiyi görüşdə
ölkənin relyef xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycanda
bəbirlərin yaşayışı üçün əlverişli mühitin yaradılması, o cümlədən
bu növ populyasiyaların bərpasının ən effektiv yolları müzakirə
edilib. Tanınmış ekspertlər Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
fəaliyyət göstərən IDEA Resurs Mərkəzinə də baş çəkiblər,
beynəlxalq miqyaslı təşkilatın təbiətin mühafizəsi üçün həyata
keçirdiyi və planlaşdırdığı mühüm layihələrlə tanış olublar. Onlar
həmçinin ekologiya və təbii sərvətlər naziri H.Bağırov və Dünya
Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri
E.Əsgərovla da görüşüblər, dövlət və QHT-lər tərəfindən bu
istiqamətdə görülən işlərlə bağlı məlumatlar
alıblar. Xarici mütəxəssislər bir
müddət əvvəl monitorinq zamanı Qafqaz bəbirinin müasir "foto-tələ"
qurğusu vasitəsi ilə rəsminin çəkildiyi Hirkan Milli Parkında da
olacaqlar. Qeyd edək ki, bu qoruqda rast gəlinən bəbir yarımnövü
əvvəllər Şimali Qafqazdan Qırmızı dənizədək və Bosfordan Pakistana
qədər uzanan areallarda yaşasa da, sonradan XX əsrdə nəsli
əhəmiyyətli dərəcədə tükənib.