Fikrət Məmmədovdan yenilik

20 Fevral 2014 15:18 (UTC+04:00)

Ədliyyə Nazirliyinin rəsmi saytında Vətəndaşların Virtual Video Qəbul Məntəqəsi yaradılıb. Movqe.az xəbər verir ki, bu bölmə vasitəsilə vətəndaşlar nazirliyin rəhbər şəxslərinin videoqəbuluna yazıla bilər. Lakin hər bir vətəndaş nazirlə canlı danışa bilməz. Şikayətçi yalnız nazir müavini tərəfindən qəbul edildikdən sonra nazirin video qəbuluna yazıla bilər. Video qəbul Azərbaycan dilində aparılır və müddəti 15 dəqiqədən artıq olmur. Müraciət edən vətəndaşlar aşağıdakı tələblərə əməl etməlidir:

a) müraciət formasını doldurulmalı;

b) video əlaqə zamanı anlaqlı vəziyyətdə olmalı, etik davranış qaydalarına riayət etməlidir.

Əgər qəbulla bağlı hər hansı dəyişiklik baş verərsə, bu haqda vətəndaşa müvafiq məlumat verilir və qəbulun kim tərəfindən həyata keçiriləcəyi onun diqqətinə çatdırılır;

Virtual qəbula yazılma "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanına və Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində yaşayan əcnəbi vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin ədliyyə orqanlarında qəbulu qaydasına uyğun olaraq hazırlanıb.