Bu gün gündəlik həyatımızda süni materiallardan istifadə kifayət qədər geniş yayılıb və bu proses getdikcə daha böyük sürətlə davam etməkdədir. İstər geyim, istər yeyinti məhsullarını saxlandığı plastik qablar, elə süni materiallardan hazırlanan mebellər, texnoloji alətlər və s. hamısı hər an köməyimizə çatsalar da, onlardan bəzilərinin orqanizmə təsiri haqqında fikirlər birmənalı deyil.
Artıq həyatımızın mühüm bir hissəsinə
çevrilən süni materiallardan tamamilə imtina edilməsinin mümkün
olmadığını düşünən tibbi-ekspert Adil Qeybulla Mövqe.az saytına
verdiyi aşıqlamada belə materiallardan hazırlanmış əşyaları
orqanizm üçün yarada biləcəyi təhlükəli hallardan danışdı:
"Əslində, bəzən təbii materialın da orqanizmə mənfi təsiri ola
bilir. Məsələn, yun məhsullarından düzəldilmiş geyimlər bəzi
insanlarda allergiya yarada bilir. Elə sintetik materiallar da var
ki, analoji halın yaranmasına səbəb olur. Lakin belə
materiallardan birdəfəlik imtina etmək də olmur. Çünki, bugünkü
həyatımız yalnız təbii materiallardan ibarət deyil. Bütün dünya
əhalisini təbii materiallarla təmin eləmək mümkün deyil. Bu
sintetik materiallar artıq gündəlik həyatımıza daxil olub. Və
məişətimizin çox mühüm bir elementidir. Amma elə maddələr var ki,
onların istifadəsi həddindən artıq zərərlidir. Məsələn, plastik
qabları götürək. Bu gün plastik qablarda su, ərzaq və s.
saxlanılır. Bu qablarda bioksin adlı maddə mövcud olur ki, o da
toksiki təsirə malikdir. Bu kimi plastik qablar, Çin istehsalı olan
oyuncaqlar həddən artıq zərərlidir. Bunlar haqda həddindən artıq
deyilib və yazılıb. Həmin sintetik materiallardan hazırlanmş Çin
istehsalı geyim məhsulları ilə də bağlı çox ciddi məlumatlar var.
Bu məsələlərlə bağlı müvafiq qurumlar məşğul olmalıdırlar və bu cür
zərərli maddələrin respublika ərazisinə idxalına icazə
verilməməlidir. Hesab edirəm ki, insanlar elektron KİV-lər,
televiziya, qəzet və jurnallar vasitəsilə mütəmadi olaraq
məlumatlandırılmalı, maarifləndirilməlidirlər ki, diqqətli
olsunlar".
Azad İstehlakçılar Birliyinin sədri
Eyyub Hüseynov da məsələyə münasibətini bildirdi: "Bunların qida
üçün uyğun olanı da var, təhlükəli olanı da. Lakin onlar
bir-birindən ciddi fərqlənmirlər. Məsələn, Azad İstehlakçılar
birliyinin araşdırmasına görə,hazırda ölkə istehsalatında 2 növ
strec filmdən istifadə olunur ki, bunlardan da biri PVC mənşəli
olmaqla tərkibində ziyanlı DOP, DOA yağlarını cəmləşib. Həmçinin bu
strec filmlər pis qoxulu və sarımtıl rəngli olmaqla digərlərindən
seçilir. Azərbaycana Çindən,İrandan, Türkiyədən və digər ölkələrdən
idxal olunan PVC strec filmlərin etiketində PVC mənşəli olması
gizlədilir, əvəzində isə qida sənayesinə yararlı olduğu qeyd
olunur. PVC mənşəli streclər həddindən artıq təhlükəlidir. Ərzaq
məhsullarının bükülməsində istifadə edilən PVC mənşəli strec
filmlər istehlakçılarda onkoloji xəstəliklərin yaranmasını
sürətləndirir. Biz AİB olaraq bununla bağlı dövlət orqanları
qarşısına məsələ qaldırmışıq. Bu, konkret araşdırılmış
məsələdir. Bu gün demək olar ki, bütün broyler zavodları, ət
istehsalı obyektləri məhsulun bükülməsində təhlükəli streclərdən
istifadə edirlər. Əhali bilməlidir isti xörək, isti su, qida kimi
yeyinti məhsulları bu cür plastik qablarda saxlanmamalıdır.
Onun bu cür istifadəsinə icazə verilmir və əhaliyə də məsləhət
görülmür".
Sədr onu da dedi ki, hazırda satışda PVC tərkibli streclərlə yanaşı təhlükəsiz, qorxusuz və şəffaf növlü politelin mənşəli və qida sənayesində istifadəsinə şəraiti olan streclər də var. Onlardan istifadə olunması isə istehlakçı sağlamlığı üçün önəmlidir.